Azərbaycan və Almaniya arasındakı iqtisadi-ticari əlaqələr dinamik şəkildə inkişaf edir. Belə ki, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində ölkəmizin payı təxminən 65 faiz təşkil etmişdir. Bundan başqa, dövlətimiz Almaniyanı neftlə təmin edən ölkələrdəndir. İki ölkə arasında qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və "Made in Azerbaijan" brendinin yaradılması məqsədi daşıyan biznes forumları bu əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə vermişdir.
Bu il martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə baş tutan görüş də xüsusi əhəmiyyət kəsb edir. Görüşdə müxtəlif sektorları təmsil edən otuz şirkətdən nümayəndə iştirak edib. Sözügedən şirkətlər beş klasterdə təmsil olunublar ki, bunlara enerji, logistika və infrastruktur, sənaye, kənd təsərrüfatı, maliyyə, texniki qaydalar və assosiasiyalar daxildir. Burada aparılan müzakirələr dövlətimizin iqtisadi gücünü bir daha təsdiqləmişdir. Bundan başqa, Azərbaycan hazırda beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir. Son iyirmi il ərzində enerji sektoru sahəsində sürətli iqtisadi artımın müşahidə olunması da bunun təcəssümüdür. Ölkə başçımızın görüşü, həmçinin əməkdaşlığın genişləndirilməsi xarakteri daşımışdır. Görüş Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma prosesinə alman iş adamlarının cəlb olunmasına da öz təsirini göstərəcək. Buradakı işlər yüksək səviyyədə və ən son texnologiyalara cavab verən qurğular vasitəsilə aparılır. Sözügedən bölgələr artıq yaşıl enerji zonası elan edilib ki, həmin ərazilərdə yalnız bərpaolunan enerji mənbələrindən istifadə nəzərdə tutulmuşdur. Bütün bunlar, nəinki həmin yerlərdə insanların tələbatını ödəmək, həmçinin digər ərazilərimizə də xidmət etmək məqsədi daşıyır. Beləliklə, biz Azərbaycanın mühüm geosiyasi aktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına mühüm töhfələr verdiyini deyə bilərik.
Xatırladaq ki, Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin inkişafında maraqlı olmuşdur. Çünki dəhliz Xəzər regionundakı qaz ehtiyatlarını Avropa bazarına daşımış və dünyanın enerji xəritəsinin dəyişməsinə səbəb olmuşdur. Bu gün Almaniyanın "Uniper" energetika şirkəti SOCAR-la fəal əməkdaşlıq edir. "Uniper"in təmsilçisi Peter Hohaus Cənub Qaz Dəhlizini etibarlı qaz təchizatçısı adlandıraraq şaxələndirmə strategiyasında müəyyən dəyişikliklər olduğunu qeyd etmişdir. Bundan başqa, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının mühüm sahələrindən olmuşdur.
Nəzrin ELDARQIZI,
"Respublika".