Faiq Əmirov
Sosial həyat

Faiq Əmirov

Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri kimi adı müharibə tarixinə düşən Faiq İsfəndiyar oğlu Əmirov 22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmənli kəndində dünyaya göz açmışdır.

2 iyul 1993-cü ildə doğmalarının xeyir-duası ilə ordu sıralarına yollanmış 776 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət etmişdi. Erməni daşnakları torpaqlarımıza göz dikəndə, yurdumuza xain əllər uzananda Faiq Əmirov döyüş meydanına atıldı. Silahını sinəsinə sıxaraq amansız düşmənə qarşı vuruşdu, heç vaxt ölümündən qorxmadı. Komandanlıq tərəfindən verilmiş döyüş tapşırıqlarını hünərlə yerinə yetirdi. Füzuli, Tərtər, Ağdərə uğrunda gedən ağır döyüşlərdə rəşadət göstərdi. Ağır döyüşlərin birində ayağından yaralanan Faiq hospitalda müalicə olunduqdan sonra yenidən odlu səngərlərə, döyüş bölgəsinə qayıtdı. Cəbhədə atəşkəs elan edildikdən sonra Faiq olduğu batalyon öz əvvəlki yerinə qaytarıldı.

17 mart 1995-ci ildə Faiq Əmirovun xidmət etdiyi batalyon dövlət çevrilişinə cəhdin qarşısının alınmasına cəlb olundu. Bütün döyüş yoldaşları kimi, o da qarşıdurmanın qansız-qadasız ötüşməsinə çalışsa da, nahaq qurbanlar verildi. Həmin qurbanlardan biri də qəlbi vətən, Azərbaycan eşqi ilə döyünən, xalqına el-obasına bağlı olan Faiq Əmirov oldu. O, öz ölümü ilə ölümsüzlüyə qovuşdu. Son mənzili Bəhmənli kənd qəbiristanlığı oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri cəsur, igid döyüşçü Faiq Əmirovun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".