Fars rejimi İslam dəyərlərindən uzaqdır
Siyasət

Fars rejimi İslam dəyərlərindən uzaqdır

İranda fars hakimiyyəti qurulandan bəri onlar Şimali Azərbaycanın heç zaman müstəqil, güclü iqtisadiyyatı, ordusu olan bir dövlətə çevrilməsini istəməyib. Elə bu səbəbdən də həmişə anti-Azərbaycan qüvvələrinin yanında yer alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzünə dəstək verib.

Özünü İslam dövləti adlandıran İran antibəşəri siyasətinə bütün zamanlarda sadiq qalıb. Fars rejimi bu siyasətini Azərbaycana qarşı münasibətində tam açıqlığı ilə ifadə edir. Müstəqilliyimizin ilk illərindən etibarən İran İslamı Şimali Azərbaycanda əhali arasında yaymaq pərdəsi altında, sadə adamları ələ alaraq gələcəkdə Azərbaycanda İslam cümhuriyyəti qurmaq yolunda mübarizəyə hazırlamağa cəhd edib. Əsas vəzifəsi altında İranyönümlü bir "xalq" inqilabına rəvac verməkdən ibarət olub. Bu, Bakıda Nardaran hadisələrinin gedişində özünü aydın büruzə verdi. Hadisələrin o cür kəskin şəkil almasında məhz İranın Azərbaycandakı o zamankı səfiri Əfşar Süleymani başda olmaqla İran xəfiyyəsi casuslarının böyük rolu olub. Onlar istəyirdilər ki, nardaranlıları sosial problemlər pərdəsi altında nümayişə çıxarmaqla bütün Bakı kəndlərini də bu "manifestasiyaya" qoşsunlar.

Yaxşı ki, Şimali Azərbaycanın təhlükəsizlik orqanları vaxtında lazımi qabaqlayıcı tədbirlər gördülər. Beləliklə də Nardaran hadisələrinin qığılcımı Abşeronu bürümədi. İş o yerə çatmışdı ki, Cənubi Azərbaycanda hüquqları tapdanan milyonlarla soydaşımızın faciəsini qəbul etməyən, İran rejiminə satılmış Nardaranın bəzi ağsaqqalları gur səslə bildirirdilər: "Orada azərbaycanlılar niyə yiyəsizdirlər, onların Xameneyi kimi rəhbərləri var...".

O zaman Azərbaycanın xüsusi xidmət  orqanlarının əməkdaşları Nardaran hadisələrinə rəvac verən bir neçə iranlı casusu saxlaya bildilər. Bizə "dost", "qardaş" olan yaxın qonşumuz İranın məkrli maskası bir daha yırtıldı. Amma nə fayda?

Azərbaycana qarşı İranın məkrli siyasəti davam etməkdədir... Məsələ burasındadır ki, molla rejiminin uğursuz xarici siyasəti nəticəsində regionun bütün müsəlman ölkələri ilə münasibətlərində gərginlik hökm sürür. İranın region ölkələri və qonşularla - Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Əfqanıstanla münasibətləri həddindən artıq pisdir. Təbii ki, bu da molla rejiminin islam dəyərlərinə zidd siyasətinin nəticəsidir. Allah evində donuz saxlayan işğalçı Ermənistana nəfəs verən, arxa-dayaq olan terror dövlətinə digər müsəlman ölkələrinin qucaq açmaması da bu baxımdan təbiidir.

İran Ermənistanın müharibədə məğlubiyyətini öz məğlubiyyəti kimi qəbul edir. Buna qarşı da müəyyən tədbirlər görür. Azərbaycanın regionda nüfuzunun artması, xalqımızın yeni milli kimlik, özünün tarixi kodlarını, şüurunu dərk edərək yeni statusda bölgədə ad qazanması İrandakı hakimiyyət təmsilçilərinin yuxusuna haram qatıb. 

Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki, biz qələbimizi bir neçə dövləti qarşımıza alaraq əldə etdik, buna baxmayaraq, mübarizə dayanmayıb. Bölgədə gedən təhlükəsizlik, əks-kəşfiyyat və s. prosesləri peşəkarlıqla izləyən ölkə rəhbəri hansı hədəflərə işarə etdiyini yaxşı bilir.

Artıq hər kəsə gün kimi bəllidir ki, İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu işlər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman ölkəmizin suverenliyini və mövcudluğunu şübhə altına alan bəyanatlar səsləndirməsində, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Vətən müharibəsində qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir.

İran 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın yerüstü və yeraltı sərvətlərinin talanmasında iştirak edib, dini və tarixi mədəniyyət abidələrinin, o cümlədən məscidlərin dağıdılmasına nəinki göz yumub, hətta bu çirkin əməllərin iştirakçısı olub. Məscidə donuz bağlayan ermənilərlə dodaq-dodağa, qucaq-qucağa olarkən Azərbaycanı "İslama zidd" hərəkətlərdə ittiham edib. Nə qədər gülünc, məntiqsizdir. Axı, bütün dünya görür ki, ölkəmiz dünyanın ən gözəl tolerant ölkəsidir, burada bütün dinlərə, konfessiyalara hörmətlə yanaşılır. Bu isə o deməkdir ki, ölkənin vətəndaşları dinə qarşı münasibətdə heç bir təzyiqlə üzləşmirlər, islami dəyərlər qorunur, bu dəyərlərdən dövlətin güclənməsi istiqamətində səmərəli istifadə olunur.

Ölüm hökmünün ləğv olunması ilə həm də insani, islami dəyərlərə sadiqliyini nümayiş etdirən Azərbaycandan fərqli olaraq, İran hələ də haqqı, ədaləti deyən dilləri, yazan barmaqları kəsir, insanların gözü qarşısında meydanlarda asır...

Rejimin nümayəndələri bu yerdə də İslama, Tanrıya qarşı çıxdıqlarını unudurlar. Ona-buna ağıl, əxlaq, namus... dərsi keçənlərin bu müqəddəs dinimizdən bixəbər olduqları açıq görünür. Molla əmilərə, dayılara daha bir xatırlatmaya zərurət yaranır bu məqamda: Tanrının verdiyi canı bir tək o özü ala bilər... Bunu İslam dini buyurur.

Hələ səfirliklərimizə edilən hücumları, terroru demirik. Dünyanın ən güclü terror təşkilatları ilə işbirliyi quran, onlara hamilik, qəyyumluq edən İran özünün əsl, İslama zidd üzünü göstərir. Bu ölkənin Azərbaycan şəhidlərinin qanında əli var, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində İranın Ermənistana kəşfiyyat materialları ötürməsi, Azərbaycan ordusunun irəliləməsinə mane olması və digər əməlləri ilə batırmışdı əlini şəhidlərimizin qanına! Bütün bunları Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağını başlarının üstündə dalğalandıranlar, Xameneinin şəklini ürəklərinin başında gəzdirənlər yaxşı görməli, kimin kim olduğunu anlamalıdırlar. Artıq dünya da İranın hansı yuvanın quşu olduğunu çox yaxşı bilir.

Zümrüd QURBANQIZI,

"Respublika".