FƏALLIQ VƏ MÜTƏŞƏKKİLLİK TƏMİN OLUNACAQ
Region

FƏALLIQ VƏ MÜTƏŞƏKKİLLİK TƏMİN OLUNACAQ

YARDIMLI

Yardımlı şəhərinə çatanda ağ örpəyə bürünmüş dağlar, təpələr, yamaclar yaxından daha əzəmətli və füsunkar görünür. Qış qayğıları yaşayan ucqar dağ rayonunda ictimai-siyasi sabitliklə yanaşı, əhali arasında işgüzarlıq, fəallıq hiss olunur. Rayonun girəcəyindən başlayaraq 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı plakatlar, təşviqat materialları asılıb.

Yardımlı şəhərindəki 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasında qaynar, işgüzar ab-hava hökm sürür. Komissiya üzvləri seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas tədbirlərin və hərəkətlərin təsdiqlənmiş Təqvim Planına, Mərkəzi Seçki Komissiyasının tapşırıq və tövsiyələrinə uyğun fəaliyyət göstərir. Dairənin sədri Qabil Canəliyev hazırlıq işlərinin başa çatdırıldığını vurğulayaraq deyir: "Dairə üzrə 89 seçki məntəqəsi vardır. Məntəqələrin 69-u Yardımlı, 20-si Masallı rayonunun ərazisində yerləşir. 89 saylı Teşkan kənd seçki məntəqəsi təzə yaradılıb. Bütün məntəqələr əyani və texniki vasitələr, avadanlıqlar, seçki qutuları, səsvermə kabinələri, əlillər üçün pandus və digər zəruri materiallarla təchiz olunub. Yardımlı şəhərindəki 1 və 2 saylı, 39 saylı Çayüzü, 45 saylı Şəfəq, 66 saylı Avaş kənd seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Dairə üzrə 49983 nəfər seçici qeydə alınıb. Seçicilərdən 1111 nəfərin yaşı 80-100 yaş arasındadır. Ən yaşlısı Bozayran kənd sakini 111 yaşlı Güləbəgim Kəlbi qızı Rəhimovadır. Dairə üzrə ilk dəfə 2789 nəfər səsvermədə iştirak edəcəkdir.

Dairədə məntəqə sədrləri, katiblər və seçki komissiyasının üzvləri üçün treninqlər keçirilib. Dairə Seçki Komissiyasının katibi Azad Rzazadə və baş məsləhətçi Məmməd Məmmədov treninqlərdə iştirakçıları seçki gününün proseduru, protokolların doldurulması və digər vacib məsələlərlə bağlı ətraflı məlumatlandırıb. Seçki təbliğatı və təşviqat işlərinin aparılması üçün rayonda bütün namizədlərə bərabər şərait yaradılıb. Hazırlıq işləri artıq yekunlaşıb, məntəqələr seçkilərə tam hazırdır", - deyə Qabil Canəliyev bildirir.

1 nömrəli seçki məntəqəsi Yardımlı şəhərinin mədəniyyət mərkəzində yerləşir. Məntəqədə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun tam şəffaf, demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqənin sədri Etibar Əməşov deyir ki, 1416 nəfər seçicinin dəqiqləşdirilmiş siyahısı hazırlanıb. Seçicilərdən 36 nəfər ilk dəfə Konstitusiya hüquqlarından istifadə edərək seçkilərə qatılacaqdır. Üç seçicinin: Maral İsmayılova, Məmmədağa Əkbərov və Kiçikxanım İsmayılovanın 90 yaşları vardır. Xəstəliyi ilə əlaqədar 26 nəfər üçün daşınan seçki qutusu mənzillərinə aparılacaqdır. Məntəqədə veb-kamera qurulub. Seçki prosesini internet vasitəsilə izləmək mümkün olacaqdır.

14 saylı seçki məntəqəsi Köryədi kənd tam orta məktəbinin binasında yerləşir. Məntəqə Vəlixanlı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin səlahiyyətlərini icra edən Habil Rzayevin yaxından köməyi ilə təmir edilib. Məntəqədə səliqə-sahman, işgüzarlıq dərhal nəzərə çarpır. Burada seçici siyahıları asılıb, seçki qutuları qoyulub, səsvermə kabinələri qurulub. Məntəqə elektrik enerjisi, rabitə və digər xidmətlərlə təchiz edilib. Kəndin tanınmış, nüfuzlu ziyalısı Qismət İbayev 2006-cı ildən məntəqəyə rəhbərlik edir. Seçki işini mükəmməl bilir. Məntəqə üzrə 1055 nəfər seçicinin qeydə alındığını, 15 nəfər gəncin ilk dəfə səs verəcəyini deyir. Seçkilərdə kəndin qocaman sakinlərindən 98 yaşlı Əligüşad Fərzullayevin və 84 yaşlı Haxyəli Şabiyevin iştirak edəcəyini qeyd edir.

Bozayran kəndinin hündür yamacında tikilmiş üçmərtəbəli, yaraşıqlı məktəb binası uzaqdan diqqəti cəlb edir. 51 saylı seçki məntəqəsi məktəbin binasında yerləşir. Məntəqənin sədri Şirinağa Niftiyev kəndə və məntəqəyə qədər asfalt yolun çəkildiyini, məntəqənin istilik sistemi, elektrik, rabitə və digər xidmətlərlə, texniki və əyani vasitələrlə, zəruri avadanlıqlarla, təşviqat materiallar ilə təchiz edildiyini bildirir. Seçkilərdə 909 nəfərin iştirak edəcəyini, 21 nəfərə qeydiyyatdançıxma vəsiqəsinin verildiyini, məntəqənin seçkilərə tam hazır olduğunu deyir.

Avaş kəndi rayon mərkəzindən 22 kilometr aralıda, dağların qoynunda yerləşir. 66 saylı seçki məntəqəsinin qarşısında prezidentliyə namizədlərin təşviqat lövhələri asılıb. Məntəqədə Avaş, Deman və Qaraoldaş kəndlərindən olan 741 nəfər seçici səs verəcəkdir. Onlardan 23-ü ilk dəfə seçkilərdə iştirak edəcəkdir.

Vəkil Babayev 13 ildir ki, məntəqənin sədri işləyir. Seçkilərə hazırlıq başlanandan bütün işlər təlimata uyğun aparılıb. Məntəqə fasiləsiz elektik enerjisi, etibarlı rabitə, genişzolaqlı internet şəbəkəsi və digər zəruri xidmətlərlə təchiz edilib, veb-kamera qurulub. Yerli və xarici müşahidəçilər üçün müvafiq yerlər ayrılıb. Seçkilərin azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işləri görülüb.

Yardımlı rayonunun seçki məntəqələri növbədənkənar prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsinə tam hazırdır. Seçicilər söhbət zamanı seçkilərdə fəal iştirak edəcəklərini, müstəqil Azərbaycanın sürətli inkişafına, tərəqqisinə və parlaq gələcəyinə səs verəcəklərini bildirirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".