Fərq göz önündədir
Digər xəbərlər

Fərq göz önündədir

Artıq bütün dünya bizim qurucu ölkə, onların isə dağıdıcı olduğunu aydın görür

XX əsr Azərbaycanı. Təqvimin vərəqlərini çeviririk. Əlbəttə, fərəhli məqamlar var. Qanlı səhifələr də çoxdur. Düşündükcə, insan dərd yükündən darıldıqca, darılır. İyirminci yüzilliyin son 10-12 ili və ondan sonrakı çağlar bəlkə də xalqımızın Qarabağsız dəhşətli yaşam tərzində, ömür yolunda ciddi sınaq dövrü oldu. Amma bu sınaq yaman uzun çəkdi...

O illərdə keçmiş Dağlıq Qarabağ probleminin həlli ilə bağlı irəliyə bir addım da atılmadı, məsələ bir müstəvidən başqa müstəviyə keçib getdikcə dərinləşdi, mürəkkəbləşdi. Məsələni həll etməyə məsul olanlar vəd üstünə vəd verdilər.

XXI əsrin ilk onilliklərində Qarabağ probleminin obyektiv həlli ilə bağlı neçə-neçə hiyləgər diplomatik gedişlərin canlı şahidi olduq. ABŞ-ın, Rusiyanın, Avropanın mötəbər qurumlarının, üstəlik, Fransanın, İranın məsələyə ikili standartlarla yanaşdıqlarını gördük. Ancaq bir təsəllimiz vardı ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi, polad iradəsi son nəticədə uğur gətirəcək. Gətirdi də. Azərbaycan 30 illik erməni işğalına son qoydu. Məsələnin həllinin uzanmasının ən böyük səbəbkarları Rusiya, ABŞ, Fransa, İran və s. ölkələrin ikili standarta söykənərək riyakarcasına etdikləri üzgörənliyə son qoyuldu. Müharibə kimin kim olduğunu da açıq göstərdi. Dostlarımızın sayı çoxaldı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı və dünya ölkələrinin çoxu bu reallığı qəbul etdi. Dünyanın gözündə yeni bir mənzərə yarandı. Bu mənzərədə bir-birindən fərqli iki dövlət önə çıxdı: dağıdıcı, terrorçu Ermənistan və qurucu, sülhpərvər Azərbaycan!..

Hələ Vətən müharibəsi dövründə Türkiyənin dövlət rəsmilərindən biri öz "Twitter" səhifəsində yazırdı: "Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir. Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi. Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur. Bu cinayətlər cəzasız qalmayacaq".

2021-ci ilin avqustunda amerikalı ekspert Piter Teys müsahibəsində deyib ki, Ermənistan terrorçu dövlətdir. Metsamor atom elektrik stansiyası ilə növbəti Çernobıl fəlakətinə səbəb yaradacaq rejimə külli miqdarda pul ayırmaq dəhşətli bir səhvdir: "Ermənistan silahlı qüvvələrinin və faşist rejiminin terror hərəkətləri beynəlxalq qanunları pozur, sülh və demokratik beynəlxalq nizam prinsiplərinə xələl gətirir. Ermənistanın regional təhlükəsizlik üçün yaratdığı saysız-hesabsız risklər, suveren Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi beynəlxalq siyasi və iqtisadi təzyiqlərin köməyilə həll edilməli olan ciddi problemlərdir".

Bəli, Ermənistan cinayətkardır, çünki bu ölkənin rəhbərliyinin göstərişilə azərbaycanlılara qarşı saysız-hesabsız soyqırımı, qətliamlar törədilmişdir. Təkcə Xocalı soyqırımında 613 dinc sakin qətlə yetirilib. Meşəlidə, Qaradağlıda, Başlıbeldə dinc, əliyalın insanlar diri-diri torpağa basdırılıb. Müharibədən sonra beynəlxalq təşkilatların, eləcə də yerli ictimaiyyətin, o cümlədən siyasi partiya və QHT nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı bir daha aydın oldu ki, Ermənistan 30 il ərzində torpaqlarımıza tarixi-mədəni, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vəhşilik törətmiş, işğal altında saxladığı ərazilərimizi yerlə-yeksan etmişdir.

İşğalçı Ermənistan 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, abidələrimizin adlarının dəyişdirilməsi və s. kimi dəhşətli cinayət əməlləri törədib. İşğalçılar bu illər ərzində Azərbaycan torpaqlarındakı yer adlarını, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.

Erməni hüquqşünas Ruben Vardazaryan ötən ilin yanvarında "epress.am" saytında Ağdamın Qafqazın Hirosiması olduğunu bir növ etiraf edib. O, işğal edilən ərazilərdə xarici jurnalistlərin rastlaşdıqları mənzərədən dəhşətə gəldiklərini deyib: "Onlar bu mənzərə qarşısında mat qaldılar. Siz hələ də monqol-tatarlardan danışırsınız? İndi beynəlxalq aləmə nə cavab verək, nə deyək? Deyək ki, Azərbaycan ərazisinin dörddəbirini qasırğa aparıb? Və necə? Azərbaycanlıların ərazilərinə və mülki obyektlərinə edilənləri gördükdən sonra Qarabağda yaşayan ermənilərin sülhsevərliyinə və azadlıq mübarizələrinin səmimiliyinə kim inanar? Bütün dünyanın axmaq olduğunu, bir tək sizin hiyləgər olduğunuzu düşünürsünüz, cənab quldurlar və vandallar?".

Azərbaycan isə bu quldur və vandalların xarabalığa çevirdiyi torpaqlarda cənnət yaradır. Prezidentin dediyi kimi, əgər cənnətin təsviri varsa, o, indi Ağalıda, Laçındadır... Azərbaycan hökuməti hər il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün külli miqdarda vəsait ayırır. Bu ilin sonuna kimi Qarabağa 6,6 milyard dollardan çox pul ayrılacaq. Məqsəd ölkə başçısının rəhbərliyilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlərin, qaçqınların öz doğma yurdlarına geri qaytarılmasını nəzərdə tutan Böyük Qayıdış proqramının uğurla başa çatdırılmasıdır. Böyük Qayıdış ermənilərin "böyük Ermənistan" yaratmaq istəklərini də gözlərində qoyur...

Zümrüd QURBANQIZI,

"Respublika".