Xalq Heydər Əliyevi qüdrətli dövlət yaradacaq bir şəxsiyyət kimi görürdü
Digər xəbərlər

Xalq Heydər Əliyevi qüdrətli dövlət yaradacaq bir şəxsiyyət kimi görürdü

1 sentyabr 1993-cü ildə Milli Məclis Azərbaycan Respublikasında növbədənkənar president seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul etdi. XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan çox keçmədən ağır sınaqlarla qarşı-qarşıya qaldı. Həmin illərdə ölkəmizi qaranlıq günlərdən aydın səhərlərə çıxaracaq liderin olmaması faktiki olaraq Azərbaycanı parçalanma təhlükəsi ilə üzbəüz qoymuşdu. 1991-1993-cü illərdə Vətənimizin düşdüyü son dərəcə ağır vəziyyət ölkənin bütün sahələrinə mənfi təsir göstərmişdi.

Ermənistanın işğalçı siyasəti, daxildə separatizmin baş qaldırması, iqtisadi-siyasi tənəzzül və qonşu ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqeyi xalqı və dövləti maddi-mənəvi böhrana sürükləmişdi. Müstəqilliyin ilk illərində həmin dövrün rəhbərlikləri üzərinə düşən məsuliyyəti tam dərk edə, siyasi səriştəsizlikləri nəticəsində problemləri aradan qaldıra bilmirdilər. Ayaz Mütəllibovun hakimiyyətdəki uğursuzluqlarını davam edən AXC-Müsavat cütlüyünə xalqın inamı və etibarı qalmamışdı. Ölkədə davam edən xaotik vəziyyət xalqı yeni lider axtarışına çıxarmışdı. İyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. AXC-Müsavat hakimiyyətinin "Milli qəhrəmanı" Surət Hüseynov tabeçiliyindəki hərbçiləri Bakıya göndərib rəhbərlikdən hakimiyyəti təhvil verməyi tələb edirdi. Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını almaqda acizlik göstərən iqtidar dahi lider Heydər Əliyevi Bakıya dəvət etdi. İyunun 9-da ulu öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqını ümidləndirdi. Ulu öndərin paytaxta gəlməsi kiçik-böyük hər kəsi sevindirirdi. Bakıya gəldikdən dərhal sonra Gəncəyə yola düşüb baş vermiş hadisələrlə birbaşa yerində tanış oldu. Daha sonra isə Heydər Əliyev iqtidarın və deputatların təkidli xahişi ilə Ali Məclisin Sədri seçildi.

1993-cü ilin iyun ayı Azərbaycan tarixində ən qaynar hadisələrin baş verdiyi bir dövrdür. Əbülfəz Elçibəy iyunun 17-də Bakını tərk edərək Naxçıvana, oradan isə doğulduğu Kələki kəndinə getdi. Heydər Əliyev onun yenidən Bakıya dönməsi üçün israr etsə də Əbülfəz Elçibəy öz kəndində qalmağı üstün tutdu. Bundan sonra Milli Məclis belə şəraitdə 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etdi. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmadı. Belə olan halda Əbülfəz Elçibəyin Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməsi qeyri-mümkün idi. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti vəzifələrini icra edə bilmədiyi təsdiqləndi və onun səlahiyyətləri Ali Məclisin sədri Heydər Əliyevə verildi.

1993-cü il avqustun 29-da Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) keçirilir. Ümumxalq səsverməsində "Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsinizmi?" sualı verilmişdi və seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmişdi. Referendumun nəticələrinə görə, seçicilərin 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermişdi.

1 sentyabr 1993-cü ildə Milli Məclis Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edir. "Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında qanunda qeyd olunur ki, "Azərbaycan Respublikasının yeni Prezidentinin növbəti seçkiləri vəzifədə olan Prezidentin səlahiyyətinin qurtarması, vaxtına doxsan gün qalmış təyin edilir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozduğu halda Azərbaycan Respublikası Ali Soveti tərəfindən vəzifədən götürüldükdə və ya Azərbaycan Respublikası Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçdikdə Azərbaycan Respublikasının yeni Prezidentinin növbədənkənar seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikası Prezidentinin seçkisi Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar Prezident seçkisi haqqında qərarının qəbul edildiyi gündən sonra bir ay müddətində keçirilir".

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Ümummilli liderin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanması Azərbaycan xalqının iradəsinin göstəricisi oldu. Bununla da xalqımız müqəddəratını təyin edib dahi liderini Prezident seçdi.

Musa BAĞIRLI,

"Respublika".