Fransa sülh müqaviləsinin imzalanmasına əsas əngəldir
Siyasət

Fransa sülh müqaviləsinin imzalanmasına əsas əngəldir

Azərbaycandakı səfirini məsləhətləşmə üçün geri çağırması Fransa dövlətinin hüququ ola bilər, lakin bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında Azərbaycanın münasibətlərə xələl gətirən birtərəfli addımlarda təqsirləndirilməsi yolverilməzdir.

Rəsmi Paris yeni anti-Azərbaycan kampaniyaya başlayıb. Səfir Ann Buayonun Parisə qayıtdıqdan sonra birbaşa prezident Emmanuel Makron tərəfindən qəbul olunması bu prosesə daha çox ictimai diqqət niyyəti güdür. Məlumdur ki, Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi konstitusion niyyət kimi bəyan edib. Dövlətimiz başqa ölkələrlə münasibətlərini beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. O cümlədən Fransa ilə son 33 ildə beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipi rəhbər tutulmaqla münasibətlərin inkişaf etdirilməsinə çalışmışıq. Hətta Azərbaycan uzun müddət əsas problemi olan Ermənistanla münaqişədə Fransanın 25 ilə yaxın vasitəçiliyinə etiraz etməmişdi.

Vətən müharibəsinə qədərki dövrdə Fransa formal da olsa mümkün qədər neytral görünməyə çalışır və sülh ritorikasına üstünlük verirdi. Lakin Azərbaycanın hərbi-siyasi qələbələrinin ardınca rəsmi Parisin siması faş oldu. Əvvəllər işğalın nəticələrini Bakıya qəbul etdirmək üçün sülh və qarşılıqlı etimaddan danışan, Azərbaycanı təcavüz və ərazi itkisiylə barışdırmaq üçün davamlı şəkildə o zamankı status-kvo ilə "sülh" təlqin edən Fransa 44 günlük savaşdan sonra beynəlxalq hüququn aliliyinin təmin edildiyi reallığı açıq formada qəbul etmək istəmir.

Fransa faktiki olaraq son 3 il yarım müddətdə Azərbaycanla Ermənistan arasında beynəlxalq hüququn ümumtanınmış prinsipləri əsasında sülh müqaviləsinin imzalanması qarşısında əsas əngəl kimi çıxış edir. Özünün xaotik addımları ilə Makron artıq regionda münaqişələrə rəsmi Parisin maraqlarının təmini kimi baxdığını gizlətmir, suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur, yenidən məğlub Ermənistanı qalib Azərbaycanla qarşıdurmaya təhrik etməklə erməniləri öz maraqlarının alətinə çevirməyə çalışır. Acınacaqlı haldır ki, Fransa hökuməti artıq bütün beynəlxalq standartları bir kənara buraxaraq dövlət və hökumət strukturlarını, media və üçüncü sektoru, o cümlədən fransız siyasi elitasını bu çirkin və beynəlxalq hüquqazidd məqsədlər naminə səfərbər edib. Məhz bunun nəticəsidir ki, Fransa Xarici İşlər Nazirliyi Azərbaycana qarşı bütün diplomatik etiketləri aşan, BMT Nizamnaməsində əksini tapan məqsəd və prinsiplərə zidd olan çoxsaylı əsassız ittiham və təhdidlərin əks olunduğu bəyanatlar yayımlayır. Həmçinin Makron rejiminin birbaşa direktivi ilə Fransa Parlamentində beynəlxalq hüquqa daban-dabana zidd olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, separatizmi və terrorçuluğu dəstəkləyən qərar və qətnamələr qəbul edilir. Təəssüf doğuran haldır ki, rəsmi Paris bununla da kifayətlənməyərək artıq bir sıra beynəlxalq hüquq subyektlərini də özünün təhlükəli gedişləri üçün platformaya çevirir. BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Frankofoniya kimi təşkilatlarda Parisin repressiv və qəbuledilməz anti-Azərbaycan mövqeyi hətta Fransanın özünə dost olan ölkələr tərəfindən belə təəccüblə qarşılanır.

Heç şübhəsiz ki, Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi və Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair hərbi paktın imzalanmasının planlaşdırılması məsələsində də Fransa aktiv rol oynamışdı. İndi bütün bunların fonunda səfirini geri çağıran rəsmi Paris Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirir, lakin yuxarıda sadaladıqlarımızın fonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasında da ifadə olunduğu kimi, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Üstəlik, Fransanın hələ bir çox addımlarına münasibətdə ümumiyyətlə adekvat addımlar atılması məqsədəuyğun hesab edilməyib. Məsələn, Fransada dövlət səviyyəsində dəstəklənən və təşviq edilən Azərbaycanofob qruplar, o cümlədən erməni terror təşkilatları dəfələrlə elə Fransa hakimiyyət orqanlarının susqun razılığı ilə səfirliyimizə qarşı vandal hücumlar etmişlər. Yaxud Xurşidbanu Natəvanın büstünə qarşı törədilən vəhşilik, abidəyə zərər yetirilməsi, boya atılması hökumət tərəfindən dəstəklənən vandalizmin nəticəsidir.

İndi bütün bunların fonunda rəsmi Parisin Azərbaycanı ittiham edərək səfiri geri çağırması absurd və informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi gedişdir. Xüsusən, bu diplomatik təxribatın hazırkı dövrdə törədilməsi təsadüf deyil. Fransa Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyini və ev sahibliyini hədəf alan çağırışları fonunda bu addımı atmaqla məsələyə daha çox diqqət çəkmək, ölkəmizin əleyhinə koalisiya yaratmaq niyyətindədir. Yəni Fransa yalnız bəyanatları ilə yox, həm də davranışları ilə sübut edir ki, Cənubi Qafqazda sülh arzulamır və bölgəmizdə münaqişənin yenidən qızışdırılmasında israrlıdır.

Əslində baş verənlər bizi təəccübləndirmir, çünki andiçmə mərasimində möhtərəm Prezident də ifadə etmişdi ki, “bunlar bizdən əl çəkməyəcək”. Hazırda yaşananlar da bir daha göstərir ki, Azərbaycan Prezidenti proqnozlarında nə qədər haqlıdır. Lakin ölkə Prezidenti onu da dəfələrlə bəyan edib ki, biz istənilən üsulla öz milli maraq və mənafelərimizi qoruyacağıq. Bu mənada, Fransa başa düşməlidir ki, Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməklə, yaxud təhdid və təzyiq dili ilə danışmaqla maraqlarını təmin edəcək real bir nəticəyə nail ola bilməz, əksinə, özünün mövqelərini daha da zəiflədəcəkdir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.