Fransanın iç üzü: demokratiya maskası altında gizlənən neokolonializm
Siyasət

Fransanın iç üzü: demokratiya maskası altında gizlənən neokolonializm

Hazırda müstəmləkəçilik dövrünün geridə qaldığı, imperiyalar dönəmində yaranmış müstəmləkə ölkələrin müstəqillik əldə etdiyi düşünülür. Amma bir sıra ölkələr hələ də öz əzəli "vərdişlərin"dən əl çəkə bilməyiblər. Eynilə Fransa kimi…

Bəşəriyyətdə sülh, barış çağırışlarının ön planda olduğu zamanda özünü demokratiyanın beşiyi hesab edən Fransa bu gün ən çox müstəmləkəyə malik olan ölkələrdəndir.

Hətta vəziyyət o yerə çatıb ki, Fransa bir vaxtlar ən geniş koloniyalara malik olan Britaniya imperiyasını belə geridə qoyur. Fransa 1961-ci ildən etibarən ümumilikdə 14 Afrika ölkəsinin - Benin, Burkina-Faso, Kot-d'İvuar, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Ekvatorial Qvineya, Çad, Konqo və Qabonun milli ehtiyatlarına sahibdir. Sadaladığımız Afrika dövlətlərinin valyuta ehtiyatlarının 80 faizdən çoxu Fransa xəzinədarlığının nəzarətində olan "əməliyyat hesabları"nda saxlanılır. Şübhəsiz, bu da bir çox Fransa müstəmləkələrinin qəzəbinə səbəb olur və azadlıq hərəkatını alovlandırır. Bu gün Fransa keçmiş müstəmləkələrindən biabırcasına qovulub. Rəsmi Paris hazırda özünə yeni koloniyalar axtarır, başqa sözlə desək, neokolonialist siyasətini davam etdirməyə çalışır. Ölkə həmçinin bu siyasətini müxtəlif regionlara da tətbiq etməyə can atır.

Son zamanlar daha qabarıq şəkildə özünü göstərən Paris-İrəvan yaxınlaşması Fransanın iç üzünü bir daha bəlli edir. Belə ki, Makron hakimiyyəti Ermənistandan istifadə etməklə Cənubi Qafqazda sülh və əmin-amanlığa mane olur, regiondakı proseslərə müdaxilə etməyə cəhd göstərir. Amma Fransanın bu oyunu ancaq Ermənistanda işə yarayır. Makronun yarıtmaz siyasəti nəticəsində rəsmi Parisin qlobal proseslərdə iştirakı müzakirə mövzusuna çevrilib. Fransa özünü demokratik ölkə kimi qələmə verməyə çalışsa da, bu gün Makronun yürütdüyü siyasətin əsasını neokolonializmin təşkil etdiyini söyləyə bilərik. Ölkənin müstəmləkəçilik siyasətinin gün keçdikcə daha da artdığını nəzərə alsaq, çoxqütblü dünya nizamında müstəmləkəçiliyin müasir təzahürlərinə qarşı çıxmaq çox vacibdir. Bu baxımdan, bir sıra beynəlxalq təşkilatların o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ya BRİKS kimi platformaların fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Azərbaycan da strateji əhəmiyyət kəsb edən bu problemlə mübarizə də qlobal müstəvidə mühüm addımlar atır. Respublikamız, həmçinin Fransanın neokolonializm siyasətinə qarşı mübarizəni prioritet elan edən azsaylı ölkələrdəndir. Rəsmi Bakının həmin istiqamətdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması bunu bir daha təsdiqləyir. Neokolonializmlə mübarizə məsələsi demək olar ki, Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə söylədiyi nitqlərdə də öz əksini tapır. Hazırda Azərbaycanın xarici siyasətindəki əsas məqsədlərdən biri neokolonializmin yer üzündən tamamilə silinməsinə nail olmaqdır. Ölkəmizin QH çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə amilini yenidən qabartması Parisin çirkin neokolonialist, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə ciddi reaksiya verilməsi ilə xarakterizə olunur.

Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda "Dekolonizasiya: İntibahın oyanışı" mövzusunda beynəlxalq konfransın baş tutması da bunun əyani sübutudur. Dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər digər ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. BMT-nin idarəçilik üzrə beynəlxalq ekspertinin Carlyle G.Corbinin Azərbaycana müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə görə təşəkkür etməsi dövlətimizin nüfuzunun növbəti təzahürü idi. Məlum olduğu kimi, müasir dövrdə belə BMT prinsiplərindən kənar idarə edilən 17 kolonizə edilmiş ada mövcuddur. Azərbaycanın təşkilatçılığı ilə baş tutan bu cür tədbirlər isə bu problemin həll olunması üçün olduqca vacib hesab olunur. Konfrans çərçivəsində Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkəçilikdən dərin narahatlıqlarını ifadə etmək üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlaması rəsmi Parisin bu xalqları cana gətirdiyinin əyani sübutu idi. Məktubda 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin imzalanmasından sonra, özünüidarəetmənin beynəlxalq normalarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının öz müqəddəratını təyinetmə və müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığı vurğulanıb.

Ümumiyyətlə, XXI əsrdə, müstəmləkəçiliyin aradan qaldırılması vacibdir. Çünki bu, insan hüquqlarına zidd olan məsələdir. Fransanın öz müstəmləkəsi altında saxladığı xalqları əzməsi, sərvətlərini istismar etməsi, insan hüquq və azadlıqlarının pozulması anlamına gəlir. Azərbaycanın neokolonializmlə bağlı mübarizə təşəbbüsünün beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi sevindirici haldır. Ölkəmizin antineokolonializm mübarizəsinin qlobal aləmdə müsbət nəticələri ola bilər. Hazırda bütün dünya dövlətlərinin əsas prioritetlərindən biri neokolonializmi dövlət siyasətinə çevirənlərlə mübarizə aparmaqdır. Bu baxımdan, Azərbaycanla yanaşı, digər region dövlətlərinin də müstəmləkəçiliyə qarşı mübarizəyə qoşulması vacibdir.

Nəzrin ELDARQIZI,

"Respublika".