Füsunkar diyara çevrilən, müasirləşən Qarabağ
Sosial həyat

Füsunkar diyara çevrilən, müasirləşən Qarabağ

44 günlük müharibədən sonra tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi zirvəsini yaşayır. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə qlobal reallıqlar fonunda yeni mərhələyə keçid edib.

Hazırkı prioritet işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Bu səbəbdən də dövlətimiz bu yerlərdə həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "Ağıllı kənd" və "Ağıllı şəhər"lərin tikintisidir.

Məlum məsələdir ki, müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı "ağıllı şəhər" və "ağıllı kənd" xidmətlərinə keçidi şərtləndirir. "Ağıllı kənd" deyəndə ağlagələn ilk yerlərdən biri Niderlanddır. Ona görə də bu kəndin necə bir yer olduğunu daha yaxından bilmək üçün Niderland təcrübəsinə nəzər salmaq lazım gəlir. Niderland Avropada kiçik bir dövlətdir, ərazisi ABŞ-dan 200 dəfə kiçikdir. Buna rəğmən, Niderland ABŞ-dan sonra dünyanın ən böyük ikinci qida ixracatçısıdır. Kənd təsərrüfatı sahələri ümumən 1 milyon hektardan çox olmayan, torpaqları günəşi az görən Niderland buna yüksək texnologiya ilə təchiz olunmuş kənd təsərrüfatı sistemi yaratmaqla nail olub.

Bu səbəbdən də ölkəmizdə "ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da "ağıllı şəhər" (Smart City) və "ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi Qrup yaradılıb. Artıq ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb, sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək. Dövlətyarlı kəndində artıq layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Dövlət satınalmaları proseduru isə başlayıb. Bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək "Ağıllı kənd" kimi bərpa olunması nəzərdə tutulur. Bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Ərazisi 470 hektar olan Baş Qərvənd kəndinə birinci mərhələdə 917, növbəti mərhələdə isə 600 ailənin köçürülməsi nəzərdə tutulur.

Onu qeyd etmək lazımdır ki, Azərbaycan ümumilikdə 100-ə yaxın belə "ağıllı" kənd salmaq istəyir. Amma bu, təxminən 20-30 ilə hesablanmış layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq. Amma slovakların bir deyimi var: "Ən uzun yol ilk addımdan başlayır". Odur ki, nə qədər zaman alacağından asılı olmayaraq, qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etməyə müvəffəq olacaq.

Jalə QASIMZADƏ,