Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib
Region

Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Gəncə Dövlət Filarmoniyasında nümayiş olunan ölkənin müxtəlif yerlərindən tədbirdə iştirak edən 30-dan çox startap tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır.  Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonlar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov çıxış edərək, “Aqrar İnnovasiya və Startaplar” forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor deyib ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startapların inkişafına xüsusi təkan verəcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlar ediblər. Çıxışlardan sonra ADAU və aqrar startaplar haqqında videoçarx nümayiş olunub.

Zabit XƏLİLOV,

“Respublika”.