Əkin torpaqlarının münbitliyi artırılır
Region

Əkin torpaqlarının münbitliyi artırılır

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, ölkə ərazisində meliorativ tədbirlərin doğru zamanda aparılması nəticəsində torpaqların münbitliyi hər keçən il artır.

Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilir. Hazırda bu istiqamətdə Sumqayıt Melioservis İdarəsi tərəfindən Xızı rayonu ərazisində müvafiq işlər həyata keçirilir. Rayon ərazisindən keçən uzunluğu 20 kilometr olan kollektor şəbəkəsi idarənin texnikaları vasitəsilə lildən təmizlənir. İdarə bu işləri bir neçə istiqamətdə davam etdirir.

İdarə tərəfindən bu ilin əvvəlindən etibarən kollektor-drenaj sistemlərində aparılan lildən təmizləmə işləri kollektorlarda qrunt səth sularının normal axıdılmasına, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına müsbət təsirini göstərib. Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi Xızı rayonu ilə yanaşı, Ağstafa Qazax rayonlarında da 9 kəndin suvarma təminatını yaxşılaşdırmaq üçün meliorativ tədbirlərini davam etdirir.

N.CAVADOV,

"Respublika".