GƏNCƏDƏ II AZƏRBAYCAN BEYNƏLXALQ VOKALÇILAR FESTİVALI 
Region

GƏNCƏDƏ II AZƏRBAYCAN BEYNƏLXALQ VOKALÇILAR FESTİVALI 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayının, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə II Beynəlxalq Vokalçılar Festivalı keçirilib. Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyəti iştirak ediblər. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konserti giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarını 18 Oktyabr --Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O qeyd edib ki, II Beynəlxalq Vokalçılar Festivalında Gəncə şəhərindən, Samux, Tovuz, Ağstafa rayonlarından olan 22  vokalçı iştirak edir. Festivalda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romansları da təqdim ediləcəyini vurğulayıb. O, eyni zamanda bildirib ki, bu festivala 2021-ci ildən beynəlxalq status verilib və bu da Azərbaycanın vokal musiqisinə verilən ən böyük töhfədir. Konsertdə Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib.  Proqramda dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F. Əmirov, Niyazi, M. Maqomayev, T.Quliyev, A.Zeynallı, C.Verdi, R.Loretti, L.Arditi və başqalarının əsərləri səsləndirilib.  Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, solistlər Tural Abdullayev, Rüstəm Cəfərov və digər peşəkar səhnə ustalarının ifası tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Festival Vasif Bayramovun və Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb.

     Zabit XƏLİLOV,

      “Respublika”.