Gənclərin psixoloji vəziyyətində rol oynayan faktorlar
Sosial həyat

Gənclərin psixoloji vəziyyətində rol oynayan faktorlar

Cəmiyyət nə toplum, nə də kütlədir, o, bir millət və xalqdır. Böyük xalqları formalaşdıran da onun kökündə və bünövrəsində olan sağlam rüşeymlərdir. Millətin sütunu nə qədər sağlam və möhkəm olsa bir o qədər də tərəqqi edəcək. Bütün bunlarda da əsas rol oynayan təbəqə gənclikdir. Milli dəyərlər və ənənələr üzərində tərbiyə alan gənc nəsil örnək olmalıdır. Ölkəmizdə dövlətin gənclərlə bağlı həyata keçirdiyi islahatlar onların sağlam təməllər üzərində formalaşmasına hesablanmışdır. Milli adət-ənənələr əsasında və vətənpərvərlik ruhunda yeni nəsil tərbiyə etmək üçün ailələrin də dəstəyi dövlətin apardığı siyasətə öz töhfəsini verir. Lakin bütün bunlarla yanaşı, son zamanlar gənclərin bir qismi arasında psixoloji gərginlik daha çox müşahidə edilir. Yetişməkdə olan nəslin bu kateqoriyaya aid hissəsi ya nəzarətsizlik, ya ailədaxili gərginlik, ya da düşdüyü mühitin təsiri altında müxtəlif, mənfi istiqamətlərə yönəlir.   Ümumiyyətlə gənclərin böyük bir hissəsi təhsil alıb, karyera qurmağa çalışırsa, bəziləri isə müvəqqəti həzz yaradan zərərli vərdişlərin arxasınca gedərək özlərini "xoşbəxt" sayırlar.

Gənclik dövrünün ilk illərində oğlan və qızların özlərinə verdikləri dəyər, başqalarının onları qiymətləndirməsi nəticəsində onlarda şəxsi ləyaqət, hörmət hissi formalaşır. Bəzən özünü müqayisə və təsdiq etmək üçün bədii ədəbiyyatdan etalon obrazlar seçir və onların təsiri ilə öz keyfiyyətlərini təkmilləşdirirlər. Şəxsiyyət kimi mənlik şüuru ilə yanaşı, əxlaqi şüur, dünyagörüşü də formalaşdırmağa çalışırlar. Bəzən bir qəhrəman həmin gəncin həyatını tamamilə dəyişir. Həyatda, cəmiyyətdə düzgün mövqe tutmasında böyük rol oynayır. Bunlarla yanaşı, gənclik dövründə  ictimai informasiyalar da əsas faktorlardandır. Əlbəttə ki, bunun da nəticəsində yetişməkdə olan yeni nəsil istənilən istiqamətə asanlıqla yönələ bilər. Bu doğru yol da olar, yanlış yol da. Burada isə əsas məsuliyyət valideynlərin üzərinə düşür.

Hazırkı vəziyyətdə gəncləri mənfi istiqamətə yönəldən amillərdən biri də sosial şəbəkələrin dəvətsiz qonaq kimi həyatımıza daxil olmasıdır. Müasir dövrdə texnologiyaların sürətli inkişafı insanlar üçün çox şeyi əlçatan edib. Çağdaş dövrümüzdə internet əsas xəbər, əyləncə, əlaqə mənbəyidir. Nəticədə qohumluq əlaqələri itir, yadlaşır, hətta ailədaxili münasibətlərdə durğunluq yaranır. Cəmiyyətdə sosial şəbəkələrlə bağlı fikirlər isə müxtəlif, bəzən də mübahisəlidir. Müəyyən bir təbəqə sosial şəbəkələrdən istifadəyə qarşı çıxsa da, əksəriyyət onun tərəfdarıdır. Əlbəttə ki, bu da əsassız deyil, vaxt itkisinin olmaması, lazımi informasiyanın tez bir zamanda əldə olunması, dünyanın istənilən nöqtəsində olan insanlarla dostluq münasibətlərinin qurulmasında başlıca vasitədir. Digər tərəfdən, düzgün istifadə etdikdə internet insanların bilik səviyyəsini, dünyagörüşünü artırır, dünyaya baxışını dəyişir. Sosial şəbəkələrin müsbət tərəfləri kimi, mənfi tərəfləri də var ki, bu da bir sıra fiziki və psixoloji fəsadlar və asılılıq yaradır. Zaman keçdikcə bu insanlarda aqressivlik, stress, yuxu və qida rejiminin pozulması, yaddaşsızlıq, depressiya halları müşahidə olunur. Hətta ətraf aləmdən təcridolunma, özünəqapanma halları da baş verir. Belə insanlar özlərini fərqli göstərməyə çalışırlar ki, bu da şəxsin ikiləşməsinə gətirib çıxarır. Beləliklə, insan könüllü olaraq özü-özündən imtina edərək sosial şəbəkələrin təsiri altında, onun şərtləri ilə yaşamağa məcbur olur. Ətrafından, dostlarından, ailəsindən uzaqlaşır, yadlaşır. Bu da sosial şəbəkələrin ailə dəyərlərinə mənfi təsirinin nəticəsidir ki,  mübahisələrə, münaqişələrə, cinayət hadisələrinin baş verməsinə səbəb olur. Sözsüz ki, belə hadisələrdə səbəb nə olursa-olsun ən çox əziyyət çəkən uşaqlardır. Valideynlər övladlarına ayıracaq vaxtı telefonlarla əvəz edir sosial şəbəkələrdə vaxt keçirirlər. Dərslə, təhsillə deyil, telefonla daha çox məşğul olan məktəblilər üçün ətraf aləm maraqsız olur. Ünsiyyət qura bilməmək, cəmiyyətə uyğunlaşmamaq kimi problemlər yaranır. Əlbəttə ki, burada da sosial şəbəkələrdən daha çox valideyn rol oynayır. Çünki onların zamanında müdaxiləsi, nəzarəti, ata-ana-övlad münasibətlərinin düzgün qurulmaması sonda uşaqların cəmiyyətdən tamamilə təcrid olunmasına gətirib çıxarır.  Hər hansı xoşagəlməz hadisə baş verəndə isə cəmiyyət məktəbi günahlandırır. Əslində, təhsil ocağı nə islah müəssisəsi, nə də tərbiyə məkanıdır. Onun əsas funksiyası təhsil verməkdir. Uşağın tərbiyəsi ilkin olaraq ailədə verilir, məktəb isə onu istiqamətləndirir, formalaşdırır.

Artıq cəmiyyətdə sosial şəbəkələrin əsirinə çevrilmiş müəyyən bir toplum var. Bunlar arasında hər yaş kateqoriyasına uyğun insanlar mövcuddur. Təəssüflər olsun ki, gənclər, məktəblilər də çoxluq təşkil edir. Şəxsi müşahidələrimiz və baş verən bir çox hadisələrin nəticələri də onu göstərir ki, bu gün sosial şəbəkə böyük bir bəlaya çevrilib. Mütəxəssislər artıq həyəcan təbili çalır. Onların fikrincə, məktəblilərin internetdən asılılığı psixoloji fəsadlar yaradır, yeniyetmələrin əxlaqına, tərbiyəsinə, təhsilinə mənfi təsir göstərir. Çox güman ki, dərinləşən bu problemin, bəlanın fəsadlarını illər keçdikcə daha çox hiss edəcəyik. Gənclərin əksəriyyəti əsəbi, gərgin həyat tərzi yaşayır. Bəzən boş, mənasız məsələlərin yaratdığı mübahisələr, davalar onların taleyinə ciddi zərbə vurur. Sosial şəbəkələrdə asanlıqla biri digərini təhqir, hətta təhdid edir. Sanki internet üzərindən savaş aparılır. Ən ağrılı məsələlərdən biri də odur ki, gənclər özlərinə dost, yaxın seçə bilmirlər. Bu da cəmiyyətdə ünsiyyət faktorunu zərbə altında qoyur.

Məktəblilərin sağlam və psixoloji travmalar yaşamaması üçün təhsil müəssisələrində psixoloqların da fəaliyyəti mühüm şərtdir. Onlar mütəmadi olaraq yeniyetmə gənclərlə söhbət aparmalı, mənəvi-psixoloji vəziyyətləri nəzarətdə saxlamalı, üzləşdikləri sarsıntılı durumdan çıxmaları üçün kömək etməli, özgüvən və özünəinam hissi aşılamalıdırlar. Çünki yeniyetməlik dövrü insanın formanlaşmasının vətəndaş kimi yetişməsinin ilkin mərhələsidir. Bu yaşda uşaqlar özlərini müstəqil şəxs kimi hesab edirlər. Gənclik gözəllik, sağlamlıq dövrü olsa da gələcək üçün bundan düzgün istifadə etmək lazımdır. Zamanında ailə dəyərlərinin qorunması və övlad-valideyn münasibətinin düzgün qurulması əsas şərtdir. Bəzən ailələrdə uşaq və yeniyetmələr özlərindən müştəbeh, razı böyüdülür. Nəticədə də gələcəkdə həmin gənclərlə valideyn arasındakı bağlar qırılır, dəyərlər itir. Belə gənclər adətən kənarda macəra axtarır, onlar üçün ailədaxili münasibətlər mənasızlaşır, cılızlaşır. Sanki kənar şəxslər, təsadüfi dostlar daha yaxın olur. Onlarla daha çox təmasda, münasibətdə olurlar.

Lakin buna baxmayaraq sosial şəbəkələrin faydalı, xeyirli tərəfləri də az deyil. Buna görə də insanlar arasında maarifləndirmə işi aparmaq, sosial şəbəkədən düzgün istifadə mədəniyyətini təbliğ etmək çox vacibdir. Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir. Bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır. Məqsəd isə həmin  siyasətin fonunda gənclərin fiziki-mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanmasına, reallaşdırılmasına nail olmaqdır. Dövlət başçısının "Biz neft kapitalını insan kapitalına çevirməliyik" fikrinin kökündə məhz bu məqsəd - gənclərin yüksək biliklərə sahib olması, intellektual potensialının əhəmiyyətli dərəcədə güclənməsi dayanır. Heç şübhəsiz, bu intellektual potensialdan ölkəmizin hərtərəfli inkişafında səmərəli istifadə olunması başlıca hədəflərdən biridir ki, bu proses də həyata keçirilməkdədir.

Azərbaycan gənclərinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri də mənəvi və fiziki inkişafdır. Onların sağlam ruhda böyüməsi həm də güclü əsgər deməkdir. Xalqımız bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun üçün də əsas şərtlərdən biri qeyd olunan tələblər əsasında yetişdirilən gənc nəsildir. Cəmiyyətdə kiçik  dövlət olan ailə daxilində övlad-valideyn  münasibətləri elə  qurulmalıdır ki, gənc öz sirrini, sözünü demək üçün kənarda "dost" axtarmasın,  bilsin ki, ona ən yaxın sirdaş, yardım edə biləcək şəxs və yaxud da şəxslər ailəsindədir. Zamanında düzgün qurulmamış ailə prinsipləri vaxt keçdikcə öz fəsadlarını verir. O valideynlər ki, milli-mənəvi dəyərlərə hörmətlə yanaşır, qoruyur, gənclərin sağlam mühitdə tərbiyə almasına çalışır, həmin ailələrdə böyüyən yeniyetmə və gənclər Vətən, millət üçün gərəkli, potensial canlı qüvvə hesab edilir.

Azərbaycan dövləti hər zaman yetişən nəslin yüksək dəyərlər əsasında böyüməsi üçün çalışır. Sağlam ruhlu, düşüncəli gənclər dövlətin gələcək yüksəlişində böyük önəm daşıyır. Azərbaycan gənclərinin son 20-30 illik müddətdə hansı amal və istiqamət üzrə formalaşdığının üç il əvvəl şahidi olduq. 44 günlük Vətən müharibəsində gənclər millətin azadlıq, müstəqillik arzusunu reallığa çevirdi. Bu mənada, sağlam gənclik ölkənin özülü kimi dövlət qarşısında öz məsuliyyətini hiss edir. Əlbəttə, bütün bunlarda isə dövlətin apardığı gənclər siyasəti böyük rol oynadığı kimi ailə, valideyn tərbiyəsi də öz sözünü deyir. Ona görə də övladın psixoloqu, həkimi, müəllimi ilk növbədə valideyni olmalı, onu doğru, düzgün yola istiqamətləndirməli, cəmiyyət üçün yararlı şəxsiyyət yetişdirməlidir.

Ramidə YAQUBQIZI,

"Respublika".