GÖYGÖLDƏ BİÇİN BAŞA ÇATIB
İQTİSADİYYAT

GÖYGÖLDƏ BİÇİN BAŞA ÇATIB

Azərbaycan Respublikası regionlarının sosiali-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.

Nəzərdə tutulmuş bu son dərəcədə ciddi vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdədir. Eyni zamanda, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni-yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli Fərman ölkədaxili istehsalı artırmaqla idxaldan asılılığı aradan qaldırmağa hədəflənib. Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər Göygöl rayonunda da uğurla həyata keçirilir. Məhz həyata keçirilən bu uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını yaratmaq məqsədini daşıyır. Goygöl rayonunda da kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafında məhsul artımı müşahidə olunur, bu eyni zamanda, ərzaq təminatının daha da yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına geniş imkan yaratmışdır.

Artıq Göygöl rayonunda taxıl biçini başa çatmışdır. Rayon üzrə 6366 hektar sahədən 19489,1 ton taxıl biçilmişdir. Biçilmiş məhsulun 12769,0 tonunu buğda, 6710,1 tonunu arpa, 10 tonunu isə darı təşkil etmişdir. 3906 hektar sahədə payızlıq şum qaldırılmışdır. 274 hektar sahədən 2582,0 ton kartof, 330,7 hektar sahədən 3610,2 ton tərəvəz yığılmış, eyni zamanda rayonda 723,9 ton üzüm, 2794,0 ton isə meyvə və giləmeyvələr toplanmışdır. Digər kənd təsərrüfatı məhsullarının yığımı mütəşəkkil davam etməkdədir.

Zabit XƏLİLOV,

"Respublika".