Güc oyunları: beynəlxalq aktorlar münaqişədən faydalanmaq üçün yarışırlar
Siyasət

Güc oyunları: beynəlxalq aktorlar münaqişədən faydalanmaq üçün yarışırlar

2 ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsində bu gün Ukrayna meydanda tək qalıb. Müharibə səbəbindən Rusiyaya Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Və bu sanksiyalara qoşulmaq üçün bütün dünyaya çağırış edilib.

Əvvəllər ABŞ-ın sanksiyalarına qoşulan bəzi Qərb ölkələri indi həmin çağırışlardan yayınmaq istəyir. Çünki bu, onların iqtisadiyyatına da təsir edir. İndi Qərb dövlətlərinin Kiyevə dəstəyi həmişəkindən daha zəifdir. ABŞ və Qərb Kiyevdən üz döndərib. O cümlədən Ukraynaya dəstək göstərən bəzi güclər də artıq çətinlik çəkir. Ukraynanın da öz gücü kifayət etmədiyindən müharibənin davam etdirilməsində müəyyən çətinliklər yaranır ki, bütün bunlar da döyüş meydanında Rusiyanın üstünlüyünə gətirib çıxarır.

Fransa prezidenti Emmanuel Makron Parisin nə vaxtsa Ukraynada quru əməliyyatları keçirməsi ehtimalını istisna etmədiyini bildirib. Fransa lideri "Le Parisien" qəzetinə müsahibəsində deyib ki, bir çox Avropa ölkələri heç də kiçik deyil, Fransanın xəttini tam dəstəkləyir: "Ola bilsin ki, nə vaxtsa, mən bunu istəmirəm və başlatmayacağam da, Rusiya qüvvələrinə qarşı çıxmaq üçün nə olursa-olsun, quruda əməliyyatlar aparılmalı olacaq. Fransanın gücü ondadır ki, biz bunu edə bilərik. İstənilən ssenariyə hazırlaşmalıyıq. Bunu etməmək səhv olardı. Əminəm ki, bu ssenarilərin hər hansı birində hər kəs seçdiyi model əsasında məsuliyyət daşıyacaq".

Bir tərəfdən də Makron intensiv açıqlamalar verir. Onun NATO-nun müharibəyə qoşulmasını dəstəkləyən açıqlamaları Avropada geniş əks-səda doğurub. Bundan sonra Almaniya və Fransa münasibətləri gərginləşib. Görünür, Fransa lideri ölkəni Avropada aparıcı qüvvə kimi tanıtmaq istəyir. Lakin cənab Makrona xatırlatmaq lazımdır ki, güclü, dominant bir ölkə olmaq üçün ilk öncə daxili problemləri həll etmək lazımdır. Bu gün bütün Avropanı kəndli etirazları bürüyüb. Fransada fermerlər hökumətin kənd təsərrüfatı böhranını həll etmək üçün atdığı addımları yetərli hesab etmirlər. Hökumətin və Aİ-nin kənd təsərrüfatı siyasətinə reaksiya verən və maaşlarından narazı qalan fermerlər paytaxt Parisin şimalında yerləşən Kompiyen şəhərində bir araya gələrək traktorlarla etiraz aksiyası keçirirlər.

Yelisey sarayı isə ölkəsindəki problemləri kənara qoyaraq, bir çox regiona maraq göstərməklə öz nüfuzunu gücləndirməyə çalışır. Fransa prezidenti kəskin bəyanatlarla çıxış edərək Avropa ölkələrini öz ətrafında birləşdirmək istəyir. O, bu kimi bəyanatlar və davranışlarla daxili müxalifəti də yumşaltmağı düşünür. Təbii ki, o, Ukraynaya qoşun yeritməyi planlaşdırmır. Çünki bu Üçüncü Dünya müharibəsinin başlanması deməkdir. İstər 30 illik yarıtmaz vasitəçilik missiyası olsun, istərsə də İkinci Qarabağ müharibəsindən sonrakı ritorikası, bunlar hamısı Fransa liderinin ikiüzlü siyasətini ortaya qoyur.

Ukrayna münaqişəsi ətrafında müzakirələr davam edərkən Fransa ilə Almaniya arasında əlaqələr daha da mürəkkəbləşir. İki ölkə tez-tez bir-birilərini Ukraynaya kifayət qədər yardım etməməkdə ittiham edirlər. Baxmayaraq ki, hər iki ölkə kifayət qədər müəmmalı davranır. Berlin Kiyevə dəstək verilməsinə ciddi təzyiqlər altında razılaşır. Makronun isə açıqlamalarının məğzini anlamaq həqiqətən də qəlizdir. O, bu kimi çıxışlarla anti-Rusiya təbliğatı aparmaqla bərabər, Avropada xüsusi güc birliyi yaratmağı hədəfləmiş kimi görünür. Aİ isə Amerika və Çini Rusiya ilə danışıqlara sövq etmək istəyir. Ukraynanın parçalanması şərtilə imzalanacaq hər hansı bir prosesdə yer almaq istəyən ittifaq bu yolla siyasi riyakarlıq nümunəsini davam etdirir.

Rusiya Prezidenti Vladimir Putin seçki qərargahında jurnalistin NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü haqqında sualına cavab verərkən bildirib ki, Rusiya Ukraynada NATO ölkələrinin hərbçilərinin olmasından xəbərdardır: "Ukraynada NATO ölkələrinin hərbçiləri var və onlar üçün yaxşı heç nə yoxdur". Putin NATO ilə tammiqyaslı münaqişənin mümkünlüyü haqqında isə deyib ki, hər şey mümkündür. Putin bununla ölkəsinin əleyhinə qurulmuş planlara öz sərt münasibətini bildirib.

Görünür, Ukrayna savaşa davam edərkən artıq onun ərazisi üzərindən çoxsaylı ehtimallara uyğun məkrli planlar qurulub. Beynəlxalq aktorlar güc nümayişilə münaqişədən faydalanmaq üçün yarışırlar.

Röya RÜSTƏMLİ,

"Respublika".