GÜCLÜ AZƏRBAYCAN dünyanın maraq dairəsində
Siyasət

GÜCLÜ AZƏRBAYCAN dünyanın maraq dairəsində

Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu təqdir edirlər

Bu gün Azərbaycanın dəstəyi olmadan, rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzuda qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də dünyanın aparıcı dövlət və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırır, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan müasir dünyada yeni çağırışlara cavab verən ölkə kimi tanınır.

Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Bununla yanaşı, Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu enerji layihələri Azərbaycanı Avropanın ən etibarlı enerji təminatçısına çevirib. Ölkəmiz güclü iqtisadiyyata malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da respublikamıza müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.

Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzi, multikulturalizm, tolerantlıq örnəyi olan, aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bu günü və gələcəyinə dəyərli töhfələr verən Azərbaycan, belə bir səviyyəyə, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün istiqamətlər üzrə inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına imkan verir.

Ölkəmizin 20 il ərzində ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Şübhəsiz ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu, böyük göstəricilərdir. Əlverişli investisiya mühitinin yaradılması, iqtisadi dayanıqlılığın təmin olunması, beynəlxalq miqyasda respublikamıza nüfuz gətirərək Azərbaycanı dünyada cəlbedici və etibarlı ölkə kimi tanıdıb. Digər tərəfdən, nəqliyyat-kommunikasiya ilə bağlı ölkəmizin həyata keçirdiyi layihələr də təqdirəlayiqdir. Respublikamız təkcə qonşu dövlətlərlə deyil, dünya ölkələri ilə bu istiqamətdə fəal işgüzar əlaqələr yaradır, səmərəli əməkdaşlığı təşviq edir. Eyni zamanda Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa da böyük önəm verir. Xarici-iqtisadi siyasət kursu ölkəmizi regional liderlikdən qlobal arenanın aktiv oyunçusuna çevirib. Bu gün bölgənin birmənalı lideri kimi respublikamızın iqtisadi gücünün arxasında həm də siyasi gücü dayanır. Bununla ölkəmiz dünyanın siyasi və iqtisadi səhnəsində inkişafın Azərbaycan modelini uğurla təqdim edərək tarix yazır.

Bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olan Azərbaycan yaxın perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu, 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan memorandumda təsbit olunub. Memorandumun müddəalarının icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə atılıb. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.

2027-ci ildə artıq Azərbaycan iki dəfə həcmləri artırmağı öz öhdəliyinə götürüb. Bu baxımdan Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədilə infrastrukturun genişləndirilməsi ilə bağlı işlərini davam etdirir. Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya olacaq. Bu il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

"Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirib. Azərbaycan hazırda təbii qazını səkkiz ölkəyə ixrac edir, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, interkonnektorun fəaliyyətə başlaması qitənin təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Ölkələr arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. BTQ Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə indiyədək həyata keçirilən bir sıra nəhəng transmilli layihələr Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dəyəri 40 milyard dollardan artıq olan Cənub Qaz Dəhlizi layihəsi isə yüksək sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsinin reallaşdırılması da qrafik üzrə gerçəkləşib.

COVID-19 pandemiyasına qarşı mübarizədə də Azərbaycanın göstərdiyi səy və qlobal çağırışlarla çıxış etməsi beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan bu problemlə mübarizədə beynəlxalq təşkilatlar səviyyəsində ilk çağırış edən dövlətlərdən biri oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının Zirvə Görüşü və BMT-nin xüsusi sessiyasının çağırılması məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilib. Eyni zamanda vaksinlərin ədalətli bölgüsünü və yoxsul dövlətlər üçün əlçatanlığını həyata keçirmək üçün ilk çağırışı da Azərbaycan Prezidenti İlham Əliyev etmişdi. Dövlət başçısının şəxsi nüfuzuna çox böyük etimad və hörmət var. Bu da Azərbaycanın daha da sürətlə inkişafına böyük töhfə verir.

Mustafa KAMAL,

"Respublika".