Binyamin Netanyahu: İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır
Siyasət

Binyamin Netanyahu: İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan İsrail arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, münasibətlərin inkişaf perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.