GÜCLÜ ORDU, TƏHLÜKƏSİZ ÖLKƏ – FİRAVAN GƏLƏCƏK!
Siyasət

GÜCLÜ ORDU, TƏHLÜKƏSİZ ÖLKƏ – FİRAVAN GƏLƏCƏK!

Dəyişən qlobal və regional təhlükəsizlik mühitinə müxtəlif amillərin artan təsiri ilə əlaqədar Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin etmiş, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həyata keçirilən quruculuq fəaliyyəti nəticəsində Azərbaycan Ordusu dünyanın güclü orduları sırasına daxil olmuşdur. Ölkənin xarici hərbi-texniki asılılığının azaldılması məqsədilə qurulmuş milli müdafiə sənayesi ildən-ilə inkişaf etdirilir. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı.

Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır.

Xalqın lider idealını reallaşdıran tarixi şəxsiyyətlər millətin ali istəklərini rəhbər tutaraq, bütün enerjilərini, həyatlarını milli məqsədlərin gerçəkləşməsinə sərf edirlər. Liderlər öz xalqlarını olduğu yerdən istədikləri yerə yüksəltməyi bacaran qüdrətli tarixi simalardır. Onlar yeni yollar salaraq tarix yaradır və bu tarixdə silinməz izlər qoyurlar. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Lider həmişə situasiyanı hiss edir və onu nə vaxt istifadə etməyin mümkün olacağını bilir.

Azərbaycan xalqı müasir tarixin qısa bir kəsiyində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev də artıq o dövrdə həm ölkədaxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud trendləri aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi.

2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-dən Ümummilli Liderimizin siyasi irsini davam etdirərək yaradılmış möhkəm təmələ əsaslanmaqla dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Prezident İlham Əliyevin gələcəyə konseptual baxış xarakterli nitqlərində strateji prioritetlər müəyyən edilməklə Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsində

  • güclü iqtisadi potensialın formalaşdırılması,
  • müasir cəmiyyət quruculuğu,
  • qüdrətli Silahlı Qüvvələrin yaradılması,
  • beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi,
  • regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası nəzərdə tutulmuşdu.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi olmuşdur. Bu tarixi Zəfərlə 200 ildən artıq dövr ərzində neçə-neçə nəslə acı tale yaşadan bir problem kökündən həll edildi. Qələbə bir daha göstərmişdir ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir.

Prezident İlham Əliyevin "Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir..." fikrinin təsdiqi rəqəmlərdən də aydın görünür:

  • 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb;
  • ordu ən müasir silahlar və texnika ilə təchiz olunub;
  • müdafiə sənayesinin formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb;
  • ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib;
  • hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılıb;
  • Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

Bu güclü ordu ilə 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. İlham Əliyev dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz sərkərdədir.

2024-2031-ci illərdə milli təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində qarşımızda aşağıdakı hədəflər dayanır:

  • Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması;
  • Müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi;
  • Hərbi quruculuq işlərinin və müasir ordu quruculuğu prosesinin davam etdirilməsi;
  • Ölkədə ictimai-siyasi sabitliyin, qanunun aliliyinin, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin hər cür təsirlərdən qorunması;
  • Təhlükəsiz informasiya məkanının inkişaf etdirilməsi, ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi;
  • Regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərin davam etdirilməsi və bu istiqamətdə səylərin dəstəklənməsi.

Həyata keçirilən siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib. Prezidentin müəyyən etdiyi düstura uyğun olaraq Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəlib. Ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırılıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilib, xeyli sayda təlimlər keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Azərbaycan güclü müdafiə sənayesi yaradıb, ölkədə müasir silahların istehsalına başlanıb. Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin ən böyük qarantıdır və o bu vəzifəsini Vətən müharibəsinin gedişində layiqincə təsdiqləyib.

Son 20 ildə qazanılan naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. Hələ Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar 2018-ci ildə keçirilən hərbi paradda dövlət başçısı demişdi ki, "Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır".

Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də “Ermənistan +...” qruplaşması ilə də müharibə apardı və Qələbə qazandı.  Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edildi.  Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.

Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın ideoloji təhdidlərindən xilas edib. Artıq regionun güc balansında əvvəlki hökmran və təkəbbürlü davranışlar keçmir, köhnə təxribat ssenariləri işə yaramır, bütün məsələləri Azərbaycan dövlətinin iradəsi həll edir. Ona görə də dünya Vətən müharibəsinin gedişində Azərbaycanı, onun Liderini yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü üzə çıxardı. Bu qələbə milli həmrəyliyi Azərbaycan xalqının həyat tərzinə çevirdi.  Xalqın mədəni-mənəvi bütövlüyü ən ali mərtəbəyə yüksəldi. Azərbaycan xalqının Qalib xalq obrazı yarandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən demişdir: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır