Güllərə qərq oldu məzarlarınız...
Sosial həyat

Güllərə qərq oldu məzarlarınız...

Vətən müharibəsi şəhidi Zeynal Alim oğlu Zülfüqarlının anım mərasimində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzdülər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. Şəhid Zeynal Zülfüqarlının timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyini vurğuladı. İcra başçısı şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söylədi.

Çıxışlarda şəhidin həyat yoluna ehtiramla nəzər salındı. Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Sabirabad rayonunun Qaratoğay kəndində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin məzunu olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Füzuli, Xocavənd, Qubadlı, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 20 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Zeynal Zülfüqarlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tofiq HÜSEYN,

"Respublika".