Hayastan ərazisində ikinci cəbhə yaratma cəhdi
Siyasət

Hayastan ərazisində ikinci cəbhə yaratma cəhdi

Aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı rəsmilərinin görüşü keçirildi. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrel mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım barədə heç nə açıqlamadılar. Lakin rəsmi İrəvanın Qərblə münasibətlərinin bu mərhələsində anti-Azərbaycan, anti-Rusiya və antitürk mövqeyi heç kimə sirr deyil. Ona görə də baş verənlər və Brüssel görüşü regionda narahatlığa səbəb oldu.

Əlbəttə, rəsmi Moskva Qərbin Ermənistan ərazisində qurmaq istədiyi təhlükəli oyunların fərqindədir. Elə buna görə də Rusiya rəsmiləri məsələ ilə bağlı ən kəskin formada bəyanatlar verirlər. Brüsseldə Avropa İttifaqı-ABŞ-Ermənistan arasında keçirilən üçtərəfli görüşdən əvvəl də bu proseslə bağlı kifayət qədər narahatlığını ifadə edən Rusiya XİN görüşdən sonra xüsusi bəyanat yaydı. Çünki rəsmi Moskva fərqindədir ki, Ukraynadan sonra Ermənistan ərazisində ikinci cəbhə açılır və bütün regionu narahat etməlidir.

Qərb bu gün sadəcə silah təchizatında deyil, bütün sahələrdə çalışır ki, Ermənistanın Rusiyadan asılılığı sona çatsın. Daha əvvəl Fransa Ermənistanı silahlandıraraq, onun müdafiə sənayesi bazarında Kremlin rolunu azaltmağa çalışdı, indi isə Ermənistana müxtəlif iqtisadi yardımlar  və vədlər verərək, burada Rusiyanın mövqeyini tamamilə bloklamaq niyyətindədir. Rusiyanın bu məqamda cavab reaksiyası kifayət qədər sərt və dolğun idi. Əslində İran da çox kəskin mövqeyini ortaya qoymalı idi, amma təəssüf ki, bu günə qədər rəsmi Tehran tərəfindən Ermənistandakı hakimiyyətin Qərb imperialistlərilə təhlükəli oyunu ilə bağlı hansısa kəskin reaksiya verilmir. Nəticədə İran qeyri-səmimi olduğunu göstərir. Əlbəttə ki, bunlar Rusiya-Ermənistan münasibətindəki çatları daha da gərginləşdirəcək.

Tural İSMAYILOV,

politoloq