Hayastanın növbəti oyunu
Siyasət

Hayastanın növbəti oyunu

Bakı Ermənistandan yan keçməklə İran ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib. Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrılması barədə Sərəncam imzalayıb.

Beləliklə, Bakı və Tehran arasında əldə olunmuş razılaşmanın icraya yönəldilməsi İrəvanı çaxnaşmaya salıb. Hətta bu günlərdə "Hraparak" qəzeti belə bir məlumat yayıb: "Bir neçə ay əvvəl Nikol Paşinyan dar çevrəsinə və öz partiyadaşlarına 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv edəcəklərini bəyan edib". Bildirilir ki, Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hətta yollara nəzarətlə bağlı yerli Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacağını bildirib. Paşinyan deyib: "Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalar vasitəsilə keçidi daxildir".

Çarəsiz vəziyyətdə qalan Paşinyan çıxış yolu axtarır. Amma "böyük bacısı" Fransa başda olmaqla, çoxları yaxşı başa düşür ki, bütünlükdə Ermənistana, o cümlədən onun dəmir yollarına nəzarət edən Rusiyanı buradan çıxarmaq Paşinyanın hünəri deyil. Nikol anlayır ki, sonda Azərbaycan Zəngəzurla bağlı istəyinə də nail olacaq, bu dəhliz açılacaq. Xankəndiyə həsrətlə baxdıqları kimi, Zəngəzura da həsrət-həsrət baxacaqlar.

"2020-ci ilin 9 noyabr gecəsində imzaladığı üçtərəfli Bəyanatın 9-cu bəndindən imtina etmək Nikol Paşinyanın ata biləcəyi addım deyil. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verib. Həmçinin nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirməlidir. Nikol Paşinyan hələ daşını daş üstə qoymadığı dəmiryolu və avtomobil yolunda Ermənistan qüvvələrinin təhlükəsizliyi qoruması məsələsini həll edir. Nikol Paşinyan ilk öncə 30 il ərzində darmadağın edilmiş, Azərbaycanın dəmiryolu təsərrüfatına vurulmuş zərəri ödəsin, sonra dəmiryolu və avtomobil yolunu çəksin, sonra onu qorumaq üçün tədbir töksün''. Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk deyib. O bildirib ki, Rusiyanı bölgədən kənarlaşdırmaq istəyən Ermənistan hər fürsətdə prosesi bir addım da irəli aparır. Üçtərəfli Bəyanatdan imtina etməklə vəziyyəti gərinləşdirir. Ermənistan indi imtina etsə də, yavaş-yavaş öhdəliklərini icra edəcək.

B.Öztürk hesab edir ki, Paşinyan siyasi basqılar səbəbi ilə yerli və beynəlxalq ictimaiyyətdə fərqli mövqedən çıxış edərək ölkəsinin, hakimiyyətinin hər keçən gün əleyhinə işləməyə davam edir. Ermənistan Zəngəzur dəhlizinin açılmasını qəbul edir, lakin Rusiyanın nəzarət etməsini istəmir. Burada əsas məsələ dəhlizin açılmasıdır. Artıq sonrakı prosesdə koridora kimin nəzarət edəcəyi detallardır. Paşinyan qərbə qarşı "haqlarını" ödəmək və Rusiyanı bölgədən çıxarmaq ab-havası yaratmaq üçün belə bir addım atır. Paşinyan hətta bölgəyə Avropa və BMT-nin sülh missiyasını cəlb etmək barədə də düşünür. Bu, atəşkəs anlaşmasını sülh sazişinə çevirməmək üçün atılan addımdır.

Onu da qeyd edək ki, ABŞ və Qərb öz "qara propoqanda"sını Azərbaycanın Zəngəzur dəhlizini hərbi yolla açmaq niyyətində olması barədə uydurma iddia üzərindən gücləndirməyə çalışır. Halbuki, Bakı bu uydurma iddianı da artıq boşa çıxarıb. Belə ki, Azərbaycanın rəsmi dairələri Zəngəzur dəhlizinə əvvəlki marağın artıq olmadığını açıq mətnlə bəyan ediblər. Eyni zamanda, İran ərazisindən marşrutun çəkilməsinə start verməklə, bu mövqeni əməldə də təsdiqləyiblər. Belə vəziyyətdə ABŞ və Qərbin Azərbaycanın guya "Zəngəzur savaşı"na başlamaq niyyətində olduğunu bəyan etməsi tamamilə mənasızdır.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.