Haylar “proksi” qüvvələrdən imdad umur
Siyasət

Haylar “proksi” qüvvələrdən imdad umur

Regionda üstünlük əldə etmək üçün "dəridən-qabıqdan" çıxan Ermənistanda daxili vəziyyət olduqca gərgindir. 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlərini həzm edə bilməyən haylar hər vəchlə Cənubi Qafqazda qarışıqlıq yaratmaq niyyətindədirlər.

Siyasi, iqtisadi və hərbi zəmində baş verən hadisələr onu deməyə əsas verir ki, Ermənistan özü öz sonunu hazırlayır. Mövcud vəziyyətə əsasən Hayastan nə kommunikasiyaların açılması və müsbət qonşuluq əlaqələrinin formalaşmasında, nə də sərhədlərin delimitasiya və demarkasiyasında maraqlıdır.

Məsələ ilə bağlı rəsmi Moskvanın da reaksiyası Ermənistan üçün ürəkaçan deyil. Nikol Paşinyanın "Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini İran vasitəsilə olduğu kimi təmin etməyə hazırdır" ifadəsinə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarında bildirib ki, Paşinyanın Ermənistan ərazisindən keçən tranzit üçün səsləndirdiyi fikrin heç bir məntiqi əsası yoxdur.

Azərbaycanın sülh təşəbbüslərini dəyərləndirməyən rəsmi İrəvan yenidən güc toplamağın yollarını axtarır. Xüsusilə, ölkə gündəmində bununla bağlı bir çox müzakirələr var. Görünən odur ki, hazırda haylar öz təhlükəsizliyini təmin etməkdə acizdirlər. Qarışıqlığın səbəblərindən biri də elə budur. Qərb blokunun, ABŞ-ın, Hindistanın və Almaniyanın bu qəbildən fəallığı aydın görünür. Rusiya hərbi bazalarının ölkədən çıxarılması dövlət səviyyəsində müzakirə edilir. Belə ki, Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyalarda 100-dən çox adam hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülmüşdü. Qeyd edək ki, etirazçılar Rusiya hərbi bazasına gedən yolu da bağlamışdılar. Ötən il baş verən hadisələrdə Rusiya hərbçilərini "işğalçı" elan edənlər elə günümüzdə də bu şüarları davam etdirirlər. Hətta Ermənistanda "Milli demokratik qütb" təşkilatının üzvü Vahe Qasparyan bildirmişdir ki, "biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib". Aydındır ki, Ermənistanın bu çərçivədəki addımları vahid plana əsasən reallaşır. Bu ölkə öz təhlükəsizliyini artıq yad qüvvələrə əmanət etmək niyyətindədir. Milyon dollarlıq hərbi müqavilələr olduqca önəmlidir. Belə ki, Yeni Dehli ilə İrəvan arasındakı sıx münasibətlər bunu deməyə əsas verir. Ötən il dekabrın 27-də məşhur "National Interest" nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən bildirmişdi ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib və "Pinaka" reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə imzalanıb. Bununla yanaşı, Fransanın da bu istiqamətdə fəallığı məlumdur.

Beynəlxalq sferada silah alveri ilə yanaşı, Ermənistanın fərqli məcralara da müraciət etməsi əsaslı narahatlıq yaradır. Bütün bunlar hayların məsələləri "soyuq müharibə" fazasına keçirmə cəhdidir. Regiona müdaxilə etməyə çalışan qlobal güclər tərəfindən indi də "proksi qüvvələrin" cəlb edilməsi müzakirə edilir. Aydındır ki, erməni ictimaiyyəti Paşinyan hökumətinə ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsində güvənmir. Bu səbəbdəndir ki, sosial-ictimai deqredasiya getdikcə sürətlənir. Belə ki, Ermənistanda ASALA və digər terror təşkilatlarının Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb. Haylar düşünürlər ki, Paşinyan hakimiyyətinin tutduğu yol onlara uğur gətirməyəcək və bununla da Ermənistan strateji ərazilərin itirilməsi ilə üzləşə bilər. Məlumdur ki, hazırda Ermənistanda demoqrafik vəziyyət olduqca gərgindir. Əhalinin kütləvi köçü ciddi fəsadlara yol aça bilər. Buna paralel olaraq "proksi qüvvələrə" yaranan simpatiya bu tənəzzülü daha da sürətləndirəcək. Qeyd edək ki, hayların bu üsula əl atması yeni bir hadisə deyil. Ermənistanın birbaşa əlaqələrinin olduğu 13 terror təşkilatı regiondakı hər bir ölkəyə məlumdur. Onlar müxtəlif zamanlarda Ermənistan hakimiyyəti ilə qarşılıqlı əlaqələr qurmuşlar.

Ermənistandakı qarışıqlığın aspektləri bir çox suallar yaradır. Belə ki, yanvar ayının əvvəllərində paytaxtda bir qrup ifrat sağçı erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti bu xaosu daha da dərinləşdirir. Özlərini "Hosank" hərəkatının üzvü kimi təqdim edən iyirmi nəfərə yaxın yürüş iştirakçısı Njdenin heykəli qarşısında yürüş keçirdi. Özünü hərəkatın rəhbəri kimi təqdim edən Hayk Nazaryan alman nasistlərinin "Sieg Heil!" (Ziq Hayl -Yaşasın qələbə) şüarına bənzədilən "Mişt hay!" ("Həmişə erməni!") şüarını səsləndirdi.

Ermənistanı Azərbaycanla müharibəyə səsləyən xarici aktorlarla yanaşı, daxili qüvvələr də bu məsələdə maraqlıdırlar. Paşinyan hakimiyyəti ilə sözügedən güc dairələrinin ortaq hədəfi isə yenidən silahlanmaq və işğal siyasətini həyata keçirməkdir. Lakin proseslərdə regional təhdid ünsüründən daha çox Ermənistanın parçalanması və süqutu özünü aydın şəkildə göstərir. Məlumdur ki, baş verə biləcək hər hansı təhdidə qarşı qüdrətli Azərbaycan dövləti hazırlıqlıdır. Haylar yaxşı başa düşməlidirlər ki, regionda separatizmə, işğalçılıq siyasətinə son qoyan da rəsmi Bakıdır. VOBLA və ya ASALA kimi terror təşkilatlarının müəyyən direktivlər əsasında hərəkətə gətirilməsi yalnız daxili təsir mexanizmləri ola bilər. Ermənistan ərazisindən ölkəmizə hər hansı bir təhlükə müşahidə edilsə, o, dərhal məhv ediləcək. Bu kimi məsələlərin gündəmə gətirilməsi bir növ Ermənistandakı müxalif qüvvələrin oyunudur.

Xatırladaq ki, ASALA, Nemezis və bu kimi terror təşkilatları antitürk ideologiyası ilə seçilir. Türklərə və azərbaycanlılara qarşı qanlı terror aktları həyata keçirərək yüzlərlə soydaşımızın həyatına son qoyan qatillər barədə bu gün ictimai rəy formalaşdırılır. Belə ki, 1992-ci ildə Bakı Metropolitenində, Neft Akademiyasında törədilən terrorlar erməni qəddarlığının bariz nümunələrindəndir. Lakin dövr artıq siyasi hərc-mərclik dövrü deyil. Ermənistanda da yaxşı başa düşülür ki, regional həqiqətləri diktə edən tərəf kimi Azərbaycanın bu kimi məsələlərdə reaksiyası kəskindir. Ötən ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirləri ümumən anti-Azərbaycan blokuna verilən bir mesaj idi. İndi isə növbəti dəfə "proksi qüvvələrə" arxalanmaq və bunu böhrandan çıxış yolu kimi göstərmək heç şübhəsiz, haylara növbəti məğlubiyyəti gətirəcək.

Nurlan ABDALOV,

"Respublika".