Haylar sülhün vacibliyini dərk etməlidir
Digər xəbərlər

Haylar sülhün vacibliyini dərk etməlidir

Ölkəmizin İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə nəinki düşmənə, hətta bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Hayların 30 il müddətində törətdiyi vəhşiliklərə, terror aktlarına baxmayaraq, Azərbaycan yenə də humanizm nümunəsi nümayiş etdirməklə barış tərəfdarı olduğunu bir daha sübut etdi. Təsadüfi deyil ki, dövlətimiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün sülh təşəbbüsləri irəli sürür.

Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan bu təklifin uzun müddət masa üzərində qalmayacağını ilk gündən bəyan edib. Bu istiqamətdə müxtəlif formatlarda görüşlər keçirilsə də Ermənistanın heç də barışığa meyil etmədiyinə şahid olduq. Moskva, Soçi, Brüssel, Praqa, ABŞ, Kişineu görüşləri zamanı düşmənin sərgilədiyi mövqe, eləcə də hayların baş nazirinin sərsəm bəyanatları onu rəzil duruma salıb. Baş tutan hər bir görüşə, eləcə də Paşinyanın mətbuata açıqlamalarına nəzər yetirsək, görərik ki, Ermənistan danışıqlar prosesinə mane olmaq məqsədilə hərbi təxribatlara əl atır. Bununla da prosesi uzatmaq istəyini açıq-aşkar nümayiş etdirir. Bu isə Ermənistanın 30 illik işğal dövrünü təkrarlamaqda maraqlı olduğunun göstəricisidir. Lakin düşmən nəzərə almalıdır ki, bu gün Azərbaycan qalib tərəf kimi reallıqları özü diktə edir. Sözügedən reallıqların dünyaya çatdırılması istiqamətində atılan addımların uğurlu nəticələri ölkəmizə beynəlxalq dəstəkdə özünün aydın ifadəsini tapır. Halbuki, Ermənistan sülh müqaviləsinin bağlanmasında  daha çox maraqlı olmalıdır. Çünki məğlub dövlət iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla ölkəni böhrandan xilas edə bilər. Bundan başqa, düşmən tədricən bununla xalqının həyat səviyyəsini yaxşılaşdırmağa müvəffəq ola bilər. Amma son aylarda xain hayların sərhəd bölgələrində törətdiyi təxribatlara, atəşkəsin pozulması cəhdlərinə diqqət yetirsək, Ermənistanın xain xislətindən əl çəkmək niyyətində olmadığı aydın şəkildə özünü büruzə verir. Əslində düşmənin çirkin əməllərindən əl çəkmək istəməməsi hələ də beynəlxalq hüquqdakı selektiv yanaşmadan xəbər verir. Çünki beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmaması vəziyyətin gərginləşməsinə, Ermənistanın hələ də verilən dərslərdən nəticə çıxarmamasına zəmin yaradır.

Qeyd etməli olduğumuz digər bir vacib məqam Ermənistanın təxribatlarının Avropa İttifaqının yarıhərbi müşahidə missiyasının fəaliyyətə başlamasından sonra daha mütəmadi xarakter almasıdır. Şübhəsiz, düşmən bunu planlı şəkildə həyata keçirir, əslində isə Ermənistanın məqsədi ölkəmizi Avropa İttifaqı missiyasının hesabatlarına "təxribatlara şərait yaradan ölkə" kimi qeyd etdirməkdir. Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğunu iddia etsə də, silahlanmada da aktivlik göstərir. Ermənistan prosesi uzatmaqla guya Azərbaycana qarşı hərbi gücünü artırmaq niyyətindədir. ABŞ kəşfiyyatı  da (Mərkəzi Kəşfiyyat İdarəsi) Azərbaycan və Ermənistan arasında yeni hərbi qarşıdurmanın yarana biləcəyini istisna etmir. Çünki ABŞ özü də Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayındığının fərqindədir. Ermənistan baş nazirinin sülh çağırışları etməsinə baxmayaraq, əsl hədəfi "hərbi üstünlüyə" nail olmaqdır. Şübhəsiz, bu, baş tutmayacaq. Çünki düşmənin nə zamanı, nə də imkanı var. Azərbaycan da bütün baş verənlərdən xəbərdardır. Ermənistan nəzərə almalıdır ki, bununla şansını itirir. Qərb qonşumuz barışığa maraqlı deyilsə, sülh istəmirsə, Azərbaycan da istəmir. Bizim Ermənistana verdiyimiz şansın müddəti də tükənmək üzrədir. Üstəlik, düşmən törətdiyi təxribatlarla nəyəsə nail olacağını düşünürsə, yanılır. Azərbaycanın nüfuzunun və dövlətimizə olan etimadın beynəlxalq müstəvidə də yüksək olduğunu nəzərə alsaq, hayların bizim qarşımızda heç bir şansı yoxdur. İstər müharibə, istərsə də postmüharibə dövründə ölkəmiz düşmənin təxribatlarına layiqli cavabını vermişdir. Amma düşmən bu cür xain planlarına davam etsə, vəziyyət heç də onlar üçün ürəkaçan olmayacaq.

İşğalçı dövlət İkinci Qarabağ müharibəsindən dərs götürməlidir. Xain haylar sülhdən yayındığı təqdirdə, hər zaman olduğu kimi, beynəlxalq ictimaiyyətin qınağına məruz qalacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".