Heç bir qüvvə Azərbaycanı qətiyyətli mövqeyindən döndərə bilməz
Siyasət

Heç bir qüvvə Azərbaycanı qətiyyətli mövqeyindən döndərə bilməz

İmperiya keçmişi olan Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında işğal etdiyi ölkələrdə bəşəriyyətin ən qanlı cinayətlərini törətmişdir. İşğalçı tərəfindən insanlara dini və etnik mənsubiyyətinə görə ağır işgəncələr verilmiş, soyqırımları həyata keçirilmiş, əsarət altında saxladığı xalqlara məxsus təbii sərvətləri öz metropoliyasına daşımışdır.

Müstəmləkəsinə çevirdiyi ölkələrin vətəndaşlarının, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarını kobud şəkildə pozan, yerli əhalidən ucuz işçi qüvvəsi kimi istifadə edən Yelisey sarayı milyonlarla afrikalını qul siyasətinin qurbanı etmişdir. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə saysız-hesabsız günahsız insanın qətlinə fərman verən bu "demokratik", insan hüquqlarını "qoruyan" ölkə İkinci Dünya savaşı başa çatdıqdan sonra bütün dünyada dekolonizasiya prosesinin başlamasına baxmayaraq, zəbt etdiyi torpaqları nəzarətində saxlamışdır. Bu gün də öz müstəmləkəsi kimi idarə etdiyi 13 dənizaşırı əraziyə müstəqillik verməyən rəsmi Paris neokolonializm siyasətini davam etdirərək nəinki nəzarətində olan ölkələrin daxili işlərinə qarışır, eyni zamanda keçmiş müstəmləkələrindən belə "müstəmləkə vergisi" alır.

Cənubi Qafqazı da öz koloniyasına çevirmək istəyən rəsmi Paris bu istiqamətdə çirkin siyasət yürüdür. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini dəstəkləyən, münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış keçmiş Minsk qrupunun həmsədr ölkəsi olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməyən Fransa İkinci Qarabağ müharibəsindən sonra mövqeyini və ritorikasını dəyişib. 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti ilə barışmayan ölkə dövlətimizin əleyhinə qərar və qətnamələr qəbul etmək, yalan, iftira, böhtan dolu bəyanatlar səsləndirməkdən yorulmur, Ermənistanın vəkili rolunu oynayır. Başqa ölkələrin ərazilərini zorakılıqla öz ərazilərinə qatan rəsmi Paris tarixi torpaqlarını işğaldan azad edən Azərbaycanın qalibiyyətini həzm edə bilmir. Separatizmi dəstəkləyib regionda stabilliyi pozmaqda, sülh prosesinə əngəl törətməkdə məqsədi isə Cənubi Qafqazda yerləşməkdir. Azərbaycanın buna imkan verməməsi, hər cür alçaq niyyətinin qarşısının alınması, regiondakı maraqlarına zərbə vurulması isə sözsüz ki, Fransada ölkəmizə qarşı aqressiya yaradır. Bu, Yelisey sarayının hər addımında özünü büruzə verir.

Erməni lobbisinə xidmət edən Emmanuel Makronun hakimiyyətdə qalmaq üçün Ermənistanı dəstəkləməsi, ilk növbədə, Fransanın öz nüfuzuna xələl gətirir və ölkəmizlə münasibətləri kölgədə qoyur. Xüsusilə, son üç il yarım ərzində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı dəfələrlə qərəzli, ədalətsiz qətnamələr qəbul etməsi, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, antiterror tədbirlərindən sonra ermənilərin Qarabağı könüllü olaraq tərk etmələrinə etnik təmizləmə "donu" geyindirməsi, onlara hər cür yardımın göstəriləcəyi vədi verməsi, işğalçı ölkəni silahlandırması, hətta respublikamızda casus şəbəkəsi yaratması Yelisey sarayının Azərbaycanla olan münasibətlərini tamamilə alt-üst etdi. Bu əməllərinə davam edən Fransanın bu günlərdə ölkəmizdəki səfirini geri çağırması isə iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin daha da aşağı düşdüyünü gösrərir. Bu, eyni zamanda Cənubi Qafqazda ayırıcı xətlərin yaranmasına, bölgədə sabitliyin pozulmasına, yeni münaqişə ocağının alovlanmasına, bütün bunların fonunda isə Brüsseldə ABŞ, Aİ və Ermənistan arasından keçirilən üçtərəfli görüşün pərdəarxası məqamlarının reallaşması istiqamətində canfəşanlıq edən Fransanın ermənipərəst siyasətinin pik nöqtəsidir.

Ölkəmizdəki səfirini "məsləhətləşmələr" üçün geri çağıran Yelisey sarayı bir şeyi unudur ki, onun diplomatik demarşı Azərbaycanı qətiyyətli mövqeyindən, haqq mübarizəsindən döndərə bilməz. Son hadisələr bunu bir daha təsdiq etdi. Belə ki, aprelin 19-da Ermənistanın işğalı altında olan 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli yaşayış məntəqələrinin də hərbi əməliyyatlarsız geri qaytarılması bir daha sübut edir ki, iki ölkə arasında münasibətlərin normallaşmasına Ermənistanı silahlandırmaqla "töhfə" vermək istəyən ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Cənubi Qafqazda uzunmüddətli sülh yaranar. Azərbaycan ilə Ermənistan öz aralarında olan məsələləri tənzimləyərək regiona sözün əsl mənasında töhfə verərlər.

Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatı arasında qəbul edilən birgə bəyanatda hər iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyini bir daha dəstəkləməsi və bu aspektdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi şəraitin yarandığının vurğulanması münasibətlərin normallaşması üçün üçüncü tərəfin iştirakına ehtiyac olmadığını göstərir. Qarabağda keçirilən antiterror tədbirlərindən sonra xalqa müraciətində dövlət başçımız bu barədə demişdir: "Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın".

Mehparə ƏLİYEVA,

"Respublika".