HEÇ BİR TƏXRİBAT BÖYÜK QAYIDIŞI  ƏNGƏLLƏYƏ BİLMƏZ
Digər xəbərlər

HEÇ BİR TƏXRİBAT BÖYÜK QAYIDIŞI  ƏNGƏLLƏYƏ BİLMƏZ

Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam edir. İşğaldan azad olunan ərazilərdə tikinti-bərpa işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıdığından Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, ilk olaraq 44 günlük müharibədə Qələbəmizin simvolu sayılan, tikintisi bir ilə başa çatdırılan Zəfər yolu ötən il istifadəyə verildi. Hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi davam etdirilir.

İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Paralel olaraq bu ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir.

Cari il iyul ayının 19-da işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıldı. "Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 41 ailə, təxminən 200 nəfər köçürüldü. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olundular. Orada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibb məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişini daim diqqətdə saxlaması, bu ərazilərə mütəmadi səfərlər etməsi, 2022-ci ili "Şuşa İli" elan etməsi bütün dünyaya açıq mesajdır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən mədəniyyət incimiz olan tarixi Şuşa şəhərimizdə həyata keçirilən bərpa-yenidənqurma işləri sayəsində bütün dünya ictimaiyyəti bu torpaqların əzəli və əbədi sahiblərinə qayıtdığına növbəti dəfə əmin olurlar. Əmin olurlar ki, bu quruculuq işləri mühüm əhəmiyyət kəsb edir və bu torpaqlara Böyük Qayıdış davamlı olacaq.

Bu işlər iki vacib məqama diqqət yetirməyi tələb edir. Əvvəla, bərpa-quruculuq işlərinin bu qədər geniş miqyasda aparılması Qarabağ torpaqlarının ermənilərə yox, bizə məxsus olduğunu birmənalı olaraq təsdiq edir. Digər tərəfdən, bərpa-quruculuq işlərinin bu qədər sürətlə və uğurlu şəkildə aparılması ondan xəbər verir ki, ötən 30 il ərzində Azərbaycan təkcə işğala son qoymaq üçün çalışmayıb, eyni zamanda azad edildikdən sonra şəhər və kəndlərimizin bərpasına əsaslı şəkildə hazırlaşıb. Bu isə onu göstərir ki, Böyük Qayıdış illərin hazırlığının məntiqi nəticəsidir. Bu reallığı da təbii ki, beynəlxalq ictimaiyyət, dünya ölkələri, hətta beynəlxalq təşkilatlar belə yaxşı başa düşür.

Bütün bunların qarşısında aciz qalan Ermənistan, xüsusilə də bu ölkənin revanşist qüvvələri, Azərbaycanın inanılmaz tərəqqisini, uğurlarını, böyük perspektivlərini həzm edə bilməyən müəyyən dövlətlər təxribatlara əl ataraq, dövlətimizin və xalqımızın böyük zəhməti hesabına reallaşan Böyük Qayıdışı əngəlləməyə çalışır.

Məlum olduğu kimi, sentyabrın 12-si gecə və sentyabrın 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribat törədilib. Sentyabrın 13-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlarla bağlı olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ iclas keçirib. İclas zamanı Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün lazımi vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirildi. Həmçinin qeyd olundu ki, hazırkı gərginliyin məsuliyyəti bütünlüklə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan tərəfi 2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməklə öncə Azərbaycan və Ermənistan arasında rəsmi tanınan sərhədlərin demarkasiyası və delimitasiyası, sonra isə sülh müqaviləsinin imzalanması yolu ilə iki Cənubi Qafqaz dövləti arasında daimi sülhün bərqərar olunmasında maraqlı olduğunu dəfələrlə ifadə etmişdir. Onu da əlavə etmək lazımdır ki, Azərbaycanın Ermənistan tərəfinin sonuncu təxribatına qarşı cavab tədbirləri görməkdə başlıca məqsədi təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, həmçinin 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarda bərpa və tikinti işlərinə cəlb olunmuş mülki azərbaycanlıların təhlükəsizliyini də təmin etməkdir.

Beləliklə, sual yaranır: Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutmaqla və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törətməklə Ermənistan tərəfinin məqsədi nədir? Aydındır ki, üçtərəfli Bəyanatın 10 noyabr 2020-ci il tarixində imzalanmasından bəri sülh danışıqları prosesinin sürətləndiyi və tərəflərin yekun razılaşmaya yaxınlaşdığı bir zamanda Ermənistan həm siyasi, həm də hərbi rəhbərlik səviyyəsində oxşar hərbi təxribatlar və avantüralarla istər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, istərsə də iki dövlət arasındakı sərhədlərdə vəziyyəti gərginləşdirməyə çalışır. Beləliklə, Ermənistanın sonuncu irimiqyaslı təxribatı bu yaxınlarda tərəflər arasında keçirilmiş Brüssel görüşünün nəticəsini və bu ayın sonunadək yekun imzalanma üçün hər iki dövlətin Xarici İşlər Nazirliyi tərəfindən hazırlanacaq sülh sazişini sabotaj etmək məqsədilə qəsdən planlaşdırılmış ola bilər.

Ermənistan siyasi rəhbərliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi ilə yanaşı, beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar masası arxasında daim təzadlı bəyanatlarla çıxış etdiyi və bütün mümkün yollardan istifadə edərək öncə sülh sazişi üzrə danışıqları sabotaj etdiyi, sonra isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti layihələrini ləngitməyə çalışdığı müşahidə edilir.

Paralel olaraq, Ermənistan tərəfi ənənəvi taktikasına sadiq qalaraq dünya rəsmilərinə "zəng etməyə" başlayıb və dünya ictimaiyyətini son zorakılığın başlanmasına görə Azərbaycanın məsuliyyət daşıdığına inandırmağa çalışır. Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım üçün müraciət edib. KTMT-in bəyanatına əsasən, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları və Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalar əsasında sülh yolu ilə həllinə çağırış ediblər. Əvvəllər dəfələrlə KTMT-ni belə bir dəstəyin olmaması ilə bağlı tənqid edən İrəvan xaricdəki erməni diasporunun dəstəklədiyi amerikalı siyasətçilərin köməyini almaq ümidi ilə həmçinin ABŞ-a da müraciət edib.

ABŞ rəsmisi Nensi Pelosinin Yerevana səfəri, orada məntiqsiz, birtərəfli və qərəzli açıqlamalar səsləndirməsi, bir tərəfdən onun gerçək reallığı dərk etmək imkanından xaric olduğunu, digər tərəfdən isə nəyin bahasına olursa-olsun öz anormal simpatiyalarını ermənilərə nümayiş etdirmək, bununla da Kaliforniyada yaşayan böyük erməni icmasının dəstəyini əldə edərək sona çatan siyasi karyerasını mümkün qədər uzatmaq istəyində olduğunu göstərir. Necə olursa-olsun, bu, onun öz işidir. Lakin ucuz siyasi kapitalı Azərbaycanın milli maraqları, xalqımızın hisslərilə oynaması sayəsində toplamaq cəhdi nəinki belə yüksək vəzifə sahibi olan qadın siyasətçiyə, heç orta statistik amerikalıya belə yaraşmaz.

Bütün bu süni maneələrə, kimin nə deməsinə baxmayaraq, karvanımız öz yoluna davam edir. Böyük Qayıdışı əngəlləmək mümkün olmayacaq.

Azərbaycan yeni reallıqlar yaradıb ki, bununla hesablaşmamaq olmaz. Hər bir vətəndaşımız bu hesablaşmanın, Azərbaycanın beynəlxalq miqyasda keçirilən görüşlərdə, müxtəlif beynəlxalq platformalarda da şahidi olur. Şahidi olur ki, ölkəmizin qalib tərəf olması ilə yanaşı, işğaldan azad edilmiş torpaqların sahibi olması faktı da birmənalı şəkildə qəbul edilir. O da qəbul olunur ki, işğaldan azad edilmiş torpaqların bərpası, inkişafı və hətta Böyük Qayıdış ilə bağlı Azərbaycanın strategiyası çoxdan hazırdır. Bir sözlə, Azərbaycanın Böyük Qayıdış planına, bunun artıq reallaşmaq üzrə olduğuna zərrə qədər şübhəsi olan yoxdur. Buna nə erməni təxribatları, nə də Pelosi kimilərin düşünülməmiş bəyanatları mane ola bilməz. Özləri də bunu gözəl bilir...

Emin QASIMOV,

"Respublika".