Baş Prokurorluğun Kollegiya iclası keçirilib
Digər xəbərlər

Baş Prokurorluğun Kollegiya iclası keçirilib

Dekabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bu ilin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyindən Ulu Öndərin irsini öyrənmək, onu təbliğ etmək və bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olduğunu, təkcə "Heydər Əliyev İli" çərçivəsində deyil, bütün dövrlərdə bunun əhəmiyyətini qeyd edib.

Vurğulanıb ki, bu il ərzində digər dövlət qurumları kimi, Prokurorluq orqanları tərəfindən də dahi və uzaqgörən dövlət xadiminin mənalı həyatından və Azərbaycanın parlaq gələcəyinə yönəlmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlər, o cümlədən müxtəlif konfrans, dəyirmi masa, görüş, açıq qapı tədbirləri və sair təşkil olunub, film çəkilib, nəşrlər çap edilib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan torpaqlarımız azad edilib, 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması və bunun ardınca sentyabrın 19-da başlanılan və 24 saatdan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində bərpa edilib.

Bu il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılması və noyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfər paradı ilə Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpası barədə Azərbaycan xalqına verdiyi sözü, xalqımız qarşısında özünün ən müqəddəs tarixi missiyasını yerinə yetirib.

Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi və ondan sonrakı zəfərlərin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə, dövlətimizin başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və sürətli tikinti-quruculuq, bərpa işləri əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın əsasını qoyduğu və həmin ərazilərin dirçəlməyə başladığı diqqətə çatdırılıb.

Kollegiya iclasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşların hüquqlarının tam şəkildə qorunması, seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi xüsusilə vurğulanıb.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2023-cü il 25 dekabr tarixli Sərəncamla 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş ən böyük töhfə olduğu, növbəti ildə ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP) əhəmiyyəti vurğulanıb.

Daha sonra ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin olunduğu qeyd edilib.

İclasda Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na əlavə və dəyişikliklərin edilməsi, "Elektron Prokurorluq" informasiya sisteminin tətbiqi vəziyyəti, "Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üçün Strateji İnkişaf Konsepsiyası"nın layihənin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Qarabağdakı qondarma separatçı rejimin "yüksəkvəzifəli" şəxslərinin barəsində istintaq edilən cinayət işinin hazırkı mərhələsi barədə İstintaq idarəsinin rəisi Nemət Əvəzov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

“Respublika”.