HƏMİŞƏ SÖZLƏ, QƏLƏMLƏ...
Digər xəbərlər

HƏMİŞƏ SÖZLƏ, QƏLƏMLƏ...

Hər bir insanın həyatda öz ömür yolu, alın yazısı, tale, qisməti olur. Ömür şərəflə yaşananda, həyatın mənası da artır. Bu, həm də insan ömrünün dəyərini, qiymətini şərtləndirir. Amma unutmamalıyıq ki, həyatda qalan da elə yaxşılar və yaxşı əməllərdir. Həyatı boyu öz qabiliyyəti, əməyi ilə ucalan insanlardan biri də Zabit Xəlilovdur.

Ötüb keçənlərə nəzər saldıqda, geridə qoyduqlarımızı saf-çürük edəndə görürsən ki, ömür düşündüyümüzdən də qısadır. Ömrünün 65 ilini geridə qoyan Zabit müəllim üçün də bu illər hədər getməyib. Zabitdə jurnalistikaya marağı atası, tanınmış jurnalist Cəmşid Xəlilov oyatmışdı. Dövrünün ən nüfuzlu mətbuat xadimlərindən biri peşəkar jurnalist Cəmşid müəllim Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin xüsusi müxbiri, bölgə müxbiri, Basarkeçər Rayon Partiya Komitəsinin orqanı olan "Bolluq uğrunda" qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışıb. O, Politexnik İnstitutunun Kirovabad (Gəncə) filialının (indiki Azərbaycan Texnologiya Universitetinin) "Texnoloq" qəzetinin yaradıcısıdır. "Həsən bəy Zərdabi", "Qızıl qələm" media mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü, SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur. Atasının müxbirlik fəaliyyəti və ümumiyyətlə, fəal həyat mövqeyi Zabitin gələcək tale yolunu işıqlandıran mayak olmuşdur.

Xəlilov Zabit Cəmşid oğlu 1959-cu il martın 30-da Göyçə gölünün nəğməli sahillərində Basarkeçər rayonunun Kiçik Məzrə kəndində dünyaya göz açmış, məktəb illərində aşıq poeziyasına, dahi el sənətkarı Aşıq Ələsgərin, Aşıq Alının yaradıcılığına böyük maraq göstərmişdir. Güclü mütaliəsi var idi. Yeni kitabları o, əl-əl gəzər, tapar, oxuyar, humanitar elmlərə daha çox maraq göstərərdi. 1969-cu ildə "Azərbaycan pioneri", "Azərbaycan gəncləri" qəzetlərində ilk məqalələri dərc olunub. 1975-ci ilin martından başlayaraq imzası "Azərbaycan pioneri" və "Azərbaycan gəncləri" qəzetlərində daha tez-tez görünürdü.

Orta məktəbi əla qiymətlərlə bitirib H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olan Zabit tələbəlik illərində institutun çoxtirajlı "Yüksəliş" qəzetinin fəal ştatdankənar müxbirlərindən biri oldu. 1981-ci ildə institutu "fərqlənmə" diplomu ilə bitirərək, müstəqil həyata atılan Zabit addım-addım, pillə-pillə yüksəldi. Əvvəl Daşkəsən Rayon Komsomol Komitəsində komsomol katibi, sonra Gəncə Şəhər Komsomol Komitəsində şöbə müdiri, daha sonra Azərbaycan LKGİ MK-nın Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri vəzifəsinə irəli çəkildi. 1991-1995-ci illərdə Gəncə Şəhər İqtisadiyyat Mərkəzinə şöbə müdiri təyin olundu. Zabit Xəlilov, həmçinin Azərbaycan KP MK yanında Ali Partiya məktəbinin "partiya quruculuğu fakültəsini (1987) və Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu (1991) bitirmişdir. Təşkilati işlərlə yanaşı, o, müxbirlik fəaliyyətini də "Daşkəsən" qəzetində davam etdirmiş, Daşkəsəndə işləyərkən rayon qəzetinin nəzdindəki "Gənc müxbirlər" məktəbini bitirmişdir. 1995-ci ildə o, daha bir məsul vəzifəyə irəli çəkildi. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini müvəffəqiyyətlə icra edən I dərəcəli dövlət qulluqçusu Zabit Xəlilov bu illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional FH və MM şöbəsi tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 2013-cü il yanvarın 7-də isə yenidən öz sevimli sənətinə-jurnalistikaya qayıtmışdır.     

Həmin il "Respublika" qəzetinin Gəncəbasar və Aran bölgəsi üzrə müxbiri təyin olunan Zabit Xəlilovun bölgə müxbiri kimi əsas vəzifəsi respublikanın 10 rayonunda baş verən ən mühüm hadisələr, xüsusilə rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlər və s. haqqında rəsmi xəbərləri operativ hazırlamaq idi. İstər kiçik olsun, istər böyük - hər bir yazıda operativlik, şəffaflıq, obyektivlik meyarlarına əməl edən Zabitin müxtəlif peşə adamları barədə yazdığı oçerkləri, portret cizgiləri də maraqla oxunur.

Gəncə və Gəncəbasarda baş verən hadisələr, qazanılan uğurlar onun diqqətindən kənarda qalmır. O, daim arayır, axtarır, yazır-yaradır. Məhz bu axtarışlarına, fəaliyyətinə görə o, 2011-ci ilin fevralında H.Zərdabi adına, 2013-cü ilin aprelində isə "Qızıl qələm" mükafatlarına layiq görülüb. Zabit yalnız publisistika sahəsində işləməklə kifayətlənmir. Uşaqlıq, ilk gənclik illərindən poeziya da onun daimi yol-yoldaşıdır. İki şeirlər kitabının müəllifidir: "Mənim dünyam" və "Özümə arzum".

Zabit Xəlilov həm də gözəl ailə başçısıdır. Gəncə Şəhər Baş Polis İdarəsində baş əməliyyat müvəkkili işləyən böyük oğlu Elvin, dövlət qulluqçusu olan kiçik oğlu Elnur, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında mühasib işləyən qızı Mələk də atalarına layiq övladlardır. O, həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini olaraq, gənc nəslə vətənpərvərlik tərbiyəsinin aşılanmasına öz töhfəsini verir. Zabit Xəlilova şərəfli işində və şəxsi həyatında uğurlar diləyir, daim qələminin iti, sözünün kəsərli olmasını arzulayırıq.

Qərib MEHDİ,

Əməkdar jurnalist.