Tarixi xilaskarlıq missiyası
Digər xəbərlər

Tarixi xilaskarlıq missiyası

Yenicə müstəqillik əldə etmiş Azərbaycan dövləti öz varlığını itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Səriştəsiz hakimiyyət dövləti idarəetmə qabiliyyətinə qadir deyildi.  Həmin dövrdə özbaşınalıq, siyasi hərc-mərclik pik həddə çatmış, xaos və anarxiya ölkədə çətin vəziyyət yaratmış, Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmışdı. Ölkədə qarşıdurmaların qarşısını almaq mümkün deyildi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı, ölkədaxili vəziyyətin daha da ağırlaşması, müdrik liderə ehtiyac olduğunu şərtləndirirdi. Azərbaycan xalqını bu müşkül vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev idi. Mövcud hakimiyyətin dəvəti və xalqın təkidli xahişi ilə 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. Azərbaycan tarixinə dönüş nöqtəsi kimi düşən həmin  gündən sonra xalqın qəlbində ümid çırağı yenidən alovlandı.

Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov bir neçə rayonun inzibati binasını güc yolu ilə nəzarətdə  saxlayırdı. O, AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında hakimiyyətə qarşı üsyan vardı. Ölkədə yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət edirdi.  Belə ki, Lənkəranda uzun müddətdən bəri Əlikram Hümbətovun başçılıq etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmələr bu yolu tutmuşdu. Əlikram Hümbətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayır, onlara qarşı qanunsuz hərəkətlərə yol verir, dövlət orqanlarına hədə-qorxu gəlir, onları özünə tabe etdirməyə çalışırdı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyev istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra həmişə öz xalqının keşiyində dururdu.  Heydər Əliyev bu ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını qeyd edirdi.

Heydər Əliyev təkrarolunmaz, özünəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir.  Ulu Öndər hər zaman azərbaycanlı olmağı ilə fəxr etmiş, bunu bir çox çıxışlarında fəxrlə səsləndirmişdir. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz". Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

13 avqust 1993-cü il Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla Heydər Əliyevin görüşü məhz bu baxımdan önəmli idi. Bu, xalqın bütün təbəqələrinə əyani mesaj xarakteri daşıyırdı. Vahid Azərbaycanın qorunub saxlanması göründüyü kimi, o qədər də asan deyildi. Məhz bunun ardınca avqustun 23-də Heydər Əliyev Azərbaycan milli televiziyası ilə xalqa müraciət etdi. Ulu Öndər öz xalqına arxalanaraq Azərbaycanın gələcək taleyini müəyyənləşdirmiş, bu çətin sınaq qarşısında ölkəmizin  əbədiyaşarlığını təmin etmişdir. Müraciətində Ulu Öndər kriminal dəstələrin ölkə daxilində yaratdığı hərc-mərcliyi bir daha xalqın diqqətinə çatdıraraq vahid birliyin bərqərar olması üçün çağırışlar etdi. Sözügedən cinayətkar dəstələrin başçıları - Əlikram Hümbətov, Surət Hüseynov və digər Azərbaycan xalqının qanına qənim kəsilənlərin törətdiyi əməllər sadalanmış, xalqın tək olmadığını, bu çətin sınaqlardan Azərbaycanın uğurla çıxacağını bildirdi. Ulu Öndər cinayətkarların ölkə daxilində törətdiyi əməllərlə yanaşı, qonşu dövlətlərin çətiri altında öz separatizm planlarını reallaşdırmağa cəhd etdiyini vurğulamışdır:

"İki gün bundan əvvəl xəbər gəlir ki, Əlikram Hümbətov öz dəstəsi ilə İrana səfər etmək istəyir. Hansı səlahiyyətlə, nə üçün? Kim onu dəvət etmişdir? Mən dünən İran hökumətinə xəbərdarlıq etdim ki, belə bir quldurun sərhədi keçib İrana getməyə ixtiyarı yoxdur. Onlar bildirdilər ki, buna heç vaxt yol verməzlər. Ancaq Əlikram Hümbətov buna nail olmaq üçün Lənkəran rayonunun polis rəisini həbs edir ki, sərhədi keçmək üçün ona sənəd versin. Başqa adamları da həbs etmişdir. Bütün bunlar xalqın nifrətinə, etirazına səbəb olurdu. Dünən Lənkəran şəhərində izdihamlı mitinq olmuşdur. Lənkəran sakinləri Əlikramın bu çirkin hərəkətlərinə etirazlarını bildirmiş və tələb etmişlər ki, onlardan əl çəksin. Astarada və Cəlilabadda da mitinqlər olmuşdur. Əhali mitinqlərdə öz sözünü demək istəyir. Bəs Əlikram nə etmişdir? Bir tərəfdən silah işlətməyə çalışmış, o biri tərəfdən dünən lənkəranlıları bir daha təhqir etmiş, onları aldatmaq üçün guya içərisində cənazə olan tabut gətirmişdir ki, camaat dəfn mərasiminə getsin. Lakin xalq bunu duymuş, onun arxasınca getməmişdir. Adamlar mitinqi davam etdirərək çıxışlarda Əlikramı satqın, xəyanətkar adlandırmışlar. Lakin Əlikram Hümbətov yenə də öz əməllərini davam etdirir".

Ulu Öndərin televiziyadan xalqa müraciətində əsas məqsəd Lənkəranda yaranmış gərginliyin aradan qaldırılması idi. O dövrdə Lənkəran xalqı Ulu Öndərə müraciət etmişdi ki, Əlikram Hümbətov nəinki öz çirkin hərəkətlərindən əl çəksin, hətta dövlət orqanları tərəfindən təcrid olunsun. O isə meydana toplaşmış silahsız adamlara, vətəndaşlara qarşı silah işlətmiş, atəş açmışdır. Ancaq  xalqın iradəsi, gücü qarşısında dura bilməmişdir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Nurlan ABDALOV,

"Respublika".