Hərbi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Digər xəbərlər

Hərbi əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Müdafiə Nazirliyindən bildirilir ki, iyunun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Nazir, macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb. Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.

Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.

“Respublika”.