Heydər Əliyev Fondunun Qarabağa töhfələri
Region

Heydər Əliyev Fondunun Qarabağa töhfələri

2004 -cü il 10 may tarixində Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun rəsmi olaraq açılması yeni dönəmin başlanğıcı olub. Fondun əsas məqsədi Ulu Öndər Heydər Əliyevin dəyərli irsini öyrənmək və təbliğ etməkdir. Fondun fəaliyyət sahələri arasında mədəniyyət, təhsil, sosial fəaliyyətlər, idman və turizm yer alır. Bu günə qədər Heydər Əliyev Fondu Azərbaycanda və dünyada bir çox layihələr həyata keçirib. Fondun dəstəyilə milli mədəniyyətimiz beynəlxalq arenada təmsil olunur. Heydər Əliyev ideyalarının davam etdirilməsində böyük rol oynayır. Bu baxımdan Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzolunmazdır.

Əlbəttə, Heydər Əliyev Fondu Azərbaycanın milli mədəniyyətini və tarixini dünya ictimaiyyətinə təqdim edən mühüm bir qurumdur. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq səviyyədə də özünü aydın göstərir. Fondun məqsədi çox sadə və anlaşılandır: bütün dünyada sülh, sabitlik və əməkdaşlıq naminə çalışmaq.

Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin ideyalarının və irsinin qorunub saxlanmasında və əbədiləşdirilməsində mühüm rol oynayır. Şübhəsiz ki, Fondun fəaliyyəti ölkənin sosial, mədəni və iqtisadi inkişafına töhfə verir, Azərbaycanın beynəlxalq aləmdə daha güclü təmsil olunmasına kömək edir. Yarandığı gündən xeyriyyəçiliyi, mərhəməti, şəfqəti özü üçün deviz seçən Heydər Əliyev Fondu 19 il ərzində böyük uğurlara nail olub, zəfərlərə imza atıb.

Doğma Qarabağımıza qovuşduğumuz gündən Heydər Əliyev Fondu dəyərli və əvəzsiz işlər ərsəyə gətirib. Tarixi torpaqlarımızın işğal və sonrakı dönəmində Heydər Əliyev Fondunun xüsusi rolu və əməyi var. Sərhəd bölgəsi olan Füzuli rayonunda İkinci Qarabağ müharibəsinə qədər Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı", "Tibb müəssisələrinin yenidən qurulması və inşası", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri həyata keçirilib. Hazırda işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərində yaxından iştirak edir. Fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyası və burada aparılan digər işlərə mühüm töhfələr verir. Həmçinin Ağdam Cümə məscidinin bərpa-restavrasiyası da Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Bununla yanaşı, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının tolerantlığın mərkəzi olduğunu bir daha sübut etdi. Ona görə ki, bütün dinlərə məxsus müqəddəs evlər, məbəd və məscidlər, kilsə və sinaqoqlar, həmçinin alban və erməni kilsələri bərpa və ya yenidən inşa edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir olunub.

Heydər Əliyev Fondu üçün əsas prioritetlərdən biri də elə mədəniyyət sahəsidir. Şuşanın məşhur Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının əsas təşkilatçısı da elə Heydər Əliyev Fondu olub. Festivalın tərkibində incəsənət sahəsi də qabardılaraq, 13 ölkəni təmsil edən 32 rəssam işğaldan azad olunan ərazilərdə "Xarıbülbül" maketlərini, digər unikal əsərləri ərsəyə gətirib. Festival çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar" toplusu təqdim edilib. "Qarabağın mədəni irsi" toplusu, "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı kompozisiya Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasına Fondun Prezidenti Mehriban Əliyevanın hədiyyəsi olub.

Qarabağda mədəni irsin inkişafı birbaşa Ulu Öndərin adını daşıyan fondla əlaqədardır. Şuşadakı Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə yenidən həyat verən Fond sanki bir naxış vurub. Daha sonra orada Vaqif Poeziya Günləri, həmçinin "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri", "Muğam ensiklopediyası", "Azərbaycan muğamı", "Muğam aləmi" adlı nəşrləri reallaşdırılıb.

Azərbaycan Milli Xalça Muzeyinin Fond tərəfindən Şuşa filialı açılıb. Şirin su hamamı, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evi və Mehmandarovlar malikanə kompleksində bərpa işləri aparılır. XVIII əsrə aid olan Mehmandarovların saray tipli tarixi yaşayış kompleksinə məscid, böyük və kiçik yaşayış evləri daxildir. Usta Qəmbər Qarabaği tərəfindən çəkilmiş və Şəki Xan Sarayının divar rəsmlərini xatırladan naxışlarla bəzədilmiş ev sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi istifadə olunub.

Prezident İlham Əliyev ötən il Qarabağa səfəri zamanı bərpa işləri ilə yaxından tanış olub və Fondun fəaliyyətini yüksək qiymətləndirib.

Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını yaşadan bir qurum olaraq, Azərbaycanın sosial, iqtisadi, mədəniyyət və elmi-tədqiqat sahələrinin də inkişafında böyük rol oynamaqdadır. Fondun fəaliyyəti ölkənin inkişafına hədəflənib.

Töhfə SƏMƏDOVA,

"Respublika".