“Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti”
Sosial həyat

“Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti”

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Şirvan şəhər qadınlarının konfransı keçirildi.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək bildirdi ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda qadın qurultayları məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir.

Çox müsbət bir haldır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında xüsusi fəallığı ilə seçilir. Həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət proqramı həyata keçirir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir.

Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması ilə bağlı bir sıra layihələrin həyata keçirildiyini vurğulayan Aynur Fərzəliyeva ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığını, qəbul olunan Dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini, “Azərbaycan 2020-gələcəyə baxış” inkişaf konsepsiyasında ailə strategiyası və gender bərabərliyi ilə bağlı müddəaların əksini tapdığını bildirdi.

Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirildi.

Tofiq HÜSEYN,

“Respublika”.