“HEYDƏR ƏLİYEV VƏ MÜASİR DÖVLƏT QURUCULUĞU” MÖVZUSUNDA KONFRANS
Region

“HEYDƏR ƏLİYEV VƏ MÜASİR DÖVLƏT QURUCULUĞU” MÖVZUSUNDA KONFRANS

2023-cü il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Respublika Baş Prokurorluğu tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Bakı şəhərində və regionlarda silsilə tədbirlər keçirilir. Növbəti tədbir Astara şəhərində təşkil olunub.

Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin mənalı ömür yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və fotostendlərlə tanış olublar.

Astara Rayon Mədəniyyət Mərkəzində "Heydər Əliyev və müasir dövlət quruculuğu" mövzusunda keçirilən konfransda ulu öndərin və ölkəmizin azadlığı, suverenliyi yolunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş Prokurorluğun kriminalistika və informasiya idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Murad Dadaşovun "Heydər Əliyev və müasir dövlət quruculuğu" mövzusunda məruzəsi dinlənilib. İdarə rəisi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik rəhbər Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, ölkəmizin iqtisadi inkişafı və hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən ətraflı söhbət açıb. Ümummilli liderin dövlət quruculuğu siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək işgüzarlıqla, uğurla davam etdirildiyini vurğulayaraq əldə olunan nailiyyətlərdən, həyata keçirilən hüquqi islahatlardan danışıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ulu öndərin Astaraya səfərlərindən, hakimiyyətdə olduğu hər iki dövrdə rayonun inkişafına göstərdiyi misilsiz qayğıdan bəhs edib, işgüzar tədbirin Astara şəhərində keçirilməsindən məmnunluğunu bildirib.

Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Astara rayon prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə dövlət quruculuğu və hüquq sahəsində həyata keçirilən islahatlardan, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Azərbaycan Mətbuat Şurası icraçı katibinin müavini Fəridə Ağazadə dahi liderin xilaskarlıq missiyası və nəzəri irsindən, gənclər siyasətindən, ordu quruculuğu sahəsində müstəsna xidmətlərindən danışıblar.

Konfransda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətinə, zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.

Konfrans çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb. Media nümayəndələri Astara rayon prokurorluğunda "Açıq qapı" tədbirində iştirak edib. "Elektron Prokurorluq" informasiya sisteminin və kriminalistik laboratoriya avtomobilinin imkanları, prokurorluq işçilərinin fəaliyyəti və iş şəraiti ilə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".