İddia sənədləri Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib
Digər xəbərlər

İddia sənədləri Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib

Azərbaycan hökuməti Ermənistanın törətdiyi cinayətlərlə bağlı iddia sənədini yanvarın 23-də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Sözügedən sənəd "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm addımdır.

Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuzillik ədalətsizliyi özündə əks etdirən dəlillərə əsaslanır. Bununla yanaşı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli Romada italiyalı parlamentarilərlə keçirdiyi görüşlərdə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasının təbii ehtiyatlarımızın qanunsuz istismarına yönəlməsini və ermənilərin Qarabağda ətraf mühitə vurduğu ziyanın qiymətləndirilməsi məsələsini vurğulayıb. Azərbaycan-İtaliya arasındakı münasibətlərdən söz açan A.Kərimli, həmçinin qarşılıqlı maraqlara və dostluğa əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hazırda çoxtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. O, ikitərəfli əlaqələrin bugünkü yüksək səviyyəsinin təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Millət vəkili ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşılıqlı səfərlərinin tərəfdaşlığın gücləndirilməsindəki rolunu qeyd edib, ölkə başçımızın ötən ilin sentyabrında 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakının əhəmiyyətindən də danışıb. Bu barədə İtaliyanın "Kmetro0" saytı da məlumat yayımlayıb.

Dövlətimiz tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş iddia sənədi Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, doğma yurd yerlərindən didərgin salınmış və zərərçəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Sənəddə qeyd olunur ki, Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin toplanması işini həyata keçirib.

Ermənistanın yüz minlərlə soydaşlarımızın həyatının, saysız-hesabsız ailələrin və icmaların, tarixi-mədəni irsimizin və ətraf mühitin məhvinə yönəlmiş əməllərinin miqyası çox genişdir. Ermənistanın etnik ayrı-seçkilik siyasəti, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Qarabağ bölgəsindən didərgin düşməsinə səbəb olub. Bu günədək yüz minlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və postmüharibə zamanı ərazilərdən geri çəkilərkən "yandırılmış torpaq" siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Ərazilərimizin 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Ayrı-seçkilik siyasəti nəticəsində mülki evlər və yaşayış məntəqələri partlayıcı vasitələr və minalarla yer üzündən silinmişdir. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementidir.

Nurlan ABDALOV,

"Respublika".