İdmana həsr olunmuş ömür
Region

İdmana həsr olunmuş ömür

Şirvan şəhər ziyalıları, idman işçisi və ictimaiyyət nümayəndələri respublikanın Əməkdar bədən tərbiyəsi ömrünü idmanın inkişafına həsr etmiş Vaqif Cəfərovun 80 illik yubileyinin təntənəsinə toplaşmışdılar. Əvvəlcə tədbir iştirakçıları Vaqif Cəfərovun idman fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular. Sonra isə onun həyat yolunu əks etdirən videoçarx nümayiş olundu. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vaqif Cəfərovu 80 illik yubileyi münasibətilə təbrik edib ona xoş arzularını bildirdi. Vurğuladı ki, ölkəmizdə idman sahəsində qazanılan yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir. İcra başçısı Vaqif Cəfərovun ömür yolunun gənc idmançılarımız üçün məktəb olduğunu  diqqətə çatdırdı. Onun zəhmətinin dövlət başçısı tərəfindən dəyərləndirildiyini, ona verilən fəxri adın ümumilikdə Şirvan şəhərinin idmanına göstərilən diqqət olduğunu dedi. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və digərləri Vaqif Cəfərovu yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzuladılar. Vaqif Cəfərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Sonda Vaqif Cəfərova şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xatirə hədiyyəsi təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.