GORANBOY: Ötən ilin uğurlu göstəriciləri
Region

GORANBOY: Ötən ilin uğurlu göstəriciləri

Kənd təsərrüfatı bol məhsul əldə olunmasında melioratorların da əməyi az deyil. 2022-ci il Goranboy Suvarma Sistemləri İdarəsinin kollektivi üçün yaddaqalan olmuşdur. Belə ki, havaların isti keçməsinə baxmayaraq, meliorasiya işçiləri min bir əziyyətlə təsərrüfatları su ilə təmin etmişlər.

Goranboy Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Müşfiq Səmədovla həmsöhbət olduq. O, ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün kollektivin gecə-gündüz sahələrdə çalışmasından, suvarmanın mütəşəkkil aparılmasından geniş söhbət açdı. Bildirdi ki, əkinin məhsuldarlığını artırmaq üçün meliorasiya və suvarma prioritet məsələlərdəndir. Cari ildə bu məsələ həllini tapmış xeyli torpaq sahələri əkilmişdir. Məhz onun üçün ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün kollektiv var qüvvələrini sərf edərək bol məhsul əldə etmişlər. İl ərzində rayonun 66500 ha sahələrinə 338850 min kubmetr su verilmişdir ki, nəticədə bu sahələrin 3, 4 dəfə suvarılması təmin olunmuşdur.

Bu qədər suların əkin sahələrinə çatdırılması üçün 958 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyası və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanalları istismar olunmuşdur. Bu qurğuların daimi saz vəziyyətdə işləməsi üçün 605 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuşdur. 96 ədəd təzə nasos alınaraq quyulara quraşdırılmışdır. Məhsuldarlığını tamamilə itirmiş 8 ədəd subartezian quyusunun iş rejimləri bərpa olunaraq su istifadəçilərinin istifadəsinə verilmişdir. Bunlardan 4 ədədi şəhid ailələrinin əkin sahələrinə xidmət edir.

Dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması, onların istismarının yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğı fədakar melioratorların məsuliyyətini artırır və onları daha yaxşı işləməyə sövq edir.

Zabit XƏLİLOV,

"Respublika".