İgid döyüşçünün rəşadətli döyüş yolu
Region

İgid döyüşçünün rəşadətli döyüş yolu

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri, şəhid Şəhriyar Əkbər oğlu İsmayılzadənin anım günü qeyd olundu.

Şəhriyar 1994-cü ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 saylı tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan Şəhriyar İsmayılzadə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Şəhriyar İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Anım günündə doğmaları, yaxınları, dostları, keçmiş müəllimləri tərəfindən igid döyüşçünün xatirəsi dərin hörmət və ehtiramla yad olundu, Vətənə, xalqa layiq oğul böyütdükləri üçün Şəhriyarın valideynlərinə dərin minnətdarlıq ifadə edildi.

Tofiq HÜSEYN,

"Respublika".