Şamaxı: Çəkilən zəhmət heç vaxt hədər getmir
Region

Şamaxı: Çəkilən zəhmət heç vaxt hədər getmir

Ulu öndər Heydər Əliyevin xalqa bağlı müdrik siyasəti sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının da inkişafı naminə çalışan zəhmətkeşlərin əməkləri daim qiymətləndirilib. Belə ki, rayonumuzun  aqrar sektorunda xüsusi rolu ilə seçilən sakinlərin əməkləri mütəmadi dəyərləndirilib. Respublikamıza rəhbərlik etdiyi dövrlərdə Şamaxı rayonuna dəfələrlə səfər edən ümummilli liderimiz Heydər Əliyevin yüksək diqqəti, dəyərli tövsiyələri və məsləhətləri nəticəsində rayonumuzda kənd təsərrüfatının inkişafında böyük irəliləyişlər əldə edilib. Aqrar sahədə çalışan təcrübəli insanların dövlətin qayğısını daim yüksək dəyərləndirmələri mənim də bu sahəyə bağlılığıma səbəb oldu. Belə ki, yeniyetmə dövründən aqrar sahəyə bağlandım. Arıçılığa olan həvəsimi reallaşdırmaq üçün xeyli öyrəndim, seminar və konfranslarda iştirak edərək böyük təcrübə topladım.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində keçirilən təlimlərə qatıldım. Bu təşkilat kompüter biliklərimi artırmağa kömək etdi, təlimlərə qoşulmaq üçün mənə kompüter bağışladı və təsərrüfatımı artırmaq üçün texniki avadanlıqlar verdi. Böyük planlarım var, müxtəlif çeşidli və müalicəvi arı məhsullarını istehsal edərək yerli və xarici bazara çıxartmaq istəyirəm. Həm də xarici bazardan asılılığı azaltmaq üçün Şamaxı rayonunda ana arılar yetişdirmək fikrindəyəm. Fermer qadınlara səslənirəm ki, gəlin təsərrüfatımızı genişləndirək və iqtisadiyyatımızın inkişafına dəyərli töhfələrimizi verək. Çünki çəkilən zəhmət heç vaxt hədər getmir. Gənc arıçı xanım olaraq bir neçə mükafatla, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fəxri Diplomla təltif olunmuşam.

Şəxsən mən bir neçə arı ailəsi ilə başladığım fəaliyyətimi qısa vaxt ərzində xeyli genişləndirdim. Zəhmətim dövlət tərəfindən yüksək qiymətləndirildi və Respublika Prezidenti İlham Əliyevin Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərimə görə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görülmüşəm.

Təsisçisi və sədri olduğum qadın qrupunun üzvləri ilə birlikdə maldarlıqla, meyvəçiliklə məşğul olmaq, o cümlədən baldan müxtəlif şirniyyatlar hazırlamaq fikrindəyik.

Brilyant HÜMBƏTOVA,

Şamaxı rayonunda Fermerlər Şurasının və "Ərgünəş" qadın qrupunun sədri, “Əmək” ordenli.