Ağac üzərində bədii oyma
Region

Ağac üzərində bədii oyma

El sənətini yaşadanlar

Altmışıncı illərdə, hələ kəndlərimizə qaz gəlməzdən əvvəl adamlar meşələrə üz tutur, çətinliklə olsa da odun əldə edir, qış tədarükü görürdülər. Məmmədovlar ailəsi isə bu məsələdə istisna təşkil edirdi. Ata-oğul meşələrə yanacaq ardınca yox, hansı ağacı oyma üçün əlverişli hesab edirdilərsə, həmin ağacın icazəsini alıb evə gətirirdilər. Biz uşaq marağı ilə cürbəcür məişət əşyaları-qənddan, qaşıq, çömçə, digər əşyalar düzəldən ustalara tamaşa edir, onların çətin, lakin yaradıcı əməyinə heyran qalırdıq. Kənd əhli evdə işlətdikləri qab-qacağın əksəriyyətini ucuz qiymətə Məmmədovlar ailəsindən alırdılar. Böyüklər deyirdilər ki, ata-oğul düzəltdikləri əşyaları öz həmkəndlilərinə ucuz satırlar, rayon mərkəzindəki bazarda isə bu qab-qacaq baha qiymətə gedir. İllər sonra Məmmədovlar ailəsi qəsəbəyə köçdü. Artıq biz də böyümüşdük, bilirdik ki, onlar təkcə bir rayondan deyil, ətraf rayonlardan da sifarişlər alırlar. Peşələrinin adı oyma sənətidir. Ağacdan cürbəcür əşyalar düzəldir, hətta adam heykəli yaradır, binaların fasadına yaraşıq verən fiqurlar ərsəyə gətirirlər. Ata-oğul qocaldıqda onların övladları, nəvə-nəticələri bu sənəti davam etdirdilər. Elə isə biz bu qədim və maraqlı sənət barədə nə bilirik?

Ağac oyması ən çətin məşğuliyyətlərdən biridir. Bu, incəsənətdir və ona görə heç kimi dilə tutmağa gərək yoxdur. Amma yenə də meyil və həvəs varkən nədən başlamaq lazımdır sualı ortaya çıxır. Düşüncədən başlamalı. Fəza təsvirli düşünməyi öyrənmək lazımdır. Rəssam olmaq şərt deyil, amma rəssam üçün oyma daha asandır. Heyvanın başı tam hamar çıxmırsa və ya yarpağın xətləri gözəl olmursa, eybi yoxdur, bıçaq əyri yerləri düzəldər. Yalnız o halda ki, əgər Siz fikrən ağlınızda düzəltmək istədiyiniz şeyin üçölçülü fəza görünüşünü təsəvvür edirsinizsə. Mütləq üçölçülü modeli və yaxşı olar ki, rəngli. Bundan başlamaq lazımdır, geri qalanı gələr. Gəlməzsə, nə eləyək, demək, gəlmədi. O zaman vaxt itirməyin. Əlbət ki, ağacı yonmaq, təmizləmək olar, odun doğramaq olar. Amma bu daha oyma deyil, nə alınıbsa, odur. Bacaran düzəldər, bacarmayan öyrənər. Öyrənməkdən utanılmaz. Hər iş bir gün başlar, hər usta bir zaman şagird olub. Ancaq öyrənə bilməyən və ya istəməyən özünü əziyyətə salmasın. Nədən başlamaq lazımdır sualına cavab verdik.

Sonrakı addım alətlərin, bıçaqların seçilməsi olar. Əlbəttə, ikinci yerə ağac seçilməsi qoyula bilərdi. Yox, alətlər əvvəl gəlməlidir. Nə üçün? Məsələ bundadır ki, Siz ağacı necə oyacaqsınız, əsasən alətdən asılıdır, ağacdan deyil. Məlumdur ki, hər ağacın öz xassələri, quruluşu, liflərinin yönü, bərkliyi var və s. Yaxşı alət istənilən ağacla işləməyə imkan verər. Bəs pisi? Pisi ilə işləməsəniz yaxşıdır. Başlanğıc mərhələdə istənilən həvəskar alət dəsti yarar. Amma diqqət edin ki, linoleum kəsərləri də var. Onları qarışdırmayın. Peşəkar sənət üçün çox böyük miqdarda alət lazım olacaq, o cümlədən özünüz düzəltdiyiniz alətlər. Bəli, öz əlimizlə, hər ustanın tələblərinə cavab verə biləcək nadir kəsərlər düzəldə bilərik. Mağazada onlar yoxdur. Bəzi ustaların öz dəmirçi sobaları var, bəziləri kirə tutur. Çünki yaxşı alət düzəltmək üçün polad markası və işlənməsi üsulu çox mühümdür. Ardınca ağacın seçilməsi gəlir.

Yaxşı alət hər ağac üçün yarayar. Başlanğıcda oyma üçün istifadə edilən ixlamur (lipa) ağacı seçilə bilər. Yaş ağac daha yaxşı kəsilir. Amma sonra qurutma problemləri meydana çıxa bilər. Saxlama şərtləri düzgün olmasa, əşyalar çatlaya, qarala bilər və s. Əlbəttə, heç kim bunu istəməz. Çox qurumuş ağac da çətin kəsilir. Çəmini tapmaq lazımdır.

Ağacoyma sənətində təhlükəsizlik texnikası axırıncı yerdə olmamalıdır. Yaxşı kəsər adi mətbəx bıçağından dəfələrlə kəskindir. Ona görə də təhlükəsizlik tələbləri çox vacibdir. Böyük materiallar mütləq sıxaclarla masaya bərkidilməlidir. Metal üzərindəki iti qabarıqları ağac və ya plastiklə örtmək gərək. Yalnız kiçik parçalar əldə tutula bilər. Çalışarkən çox güc istifədə etmək olmaz. Hərəkətlər asta və qaydasınca olmalıdır.

Mütəxəssis izahından da aydın görünür ki, ağacda oyma sənəti mürəkkəb və məsuliyyətli el sənətidir. Bu səbəbdən də günümüzə qədər gəlib çıxmışdır.

Tofiq HÜSEYN,

“Respublika”.