İki ölkə arasında əlaqələrin inkişafına zəmin yaradan tarixi görüş
Siyasət

İki ölkə arasında əlaqələrin inkişafına zəmin yaradan tarixi görüş

Müstəqilliyini bərpa etdikdən sonra dövlətin xarici siyasət xəttini müəyyənləşdirmək əsas vəzifələrdən idi, lakin respublikaya rəhbərlik edənlərin səriştəsizliyi bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərin pozulmasına səbəb olmuşdur. Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra münasibətlər bərpa olunmuş, strateji tərəfdaşlığın əsası qoyulmuşdur.

Qonşu ölkələrlə əlaqələri dərinləşdirmək, regional miqyasda sülhün möhkəmləndirilməsinə, təhlükəsizliyin təmin olunmasına töhfə vermək müstəqil Azərbaycanın xarici siyasətində prioritet olaraq müəyyənləşdirilmişdir. İkitərəfli əməkdaşlığa, dövlətlərarası səmimi münasibətlərə xüsusi önəm verən ölkəmiz beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar çərçivəsində dünyanın bir sıra dövlətləri ilə qarşılıqlı maraq doğuran məsələlərin həllində fəal iştirak edərək etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır.

Ulu Öndər 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edərək demişdir: "Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır". 1997-ci ildə "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə, 2008-ci ildə "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında" Bəyannamə imzalanmışdır. 2018-ci ildə imzalanan Birgə Bəyanat iki ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi ənənələrə söykəndiyinin təsdiqi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 2002-ci il 24-26 yanvar tarixlərində Rusiyaya dövlət səfəri isə ölkələrarası münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Yanvarın 25-də prezidentlərin təkbətək görüşündə hərtərəfli əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğu, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə dəstəyi vurğulanmışdır. Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Rusiyanın ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi böyük rola malik olduğunu və bu istiqamətdə səylərini artırmasının vacibliyini diqqətə çatdırmışdır. Rusiya lideri ölkəsinin buna hazır olduğunu qeyd etmişdir.

Nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlardan sonra sənədlərin imzalanması mərasimi keçirilmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında" müqavilə, "Qəbələ radiolokasiya stansiyasının ("Dəryal" RLS) statusu, ondan istifadənin prinsipləri və şərtləri haqqında" saziş, Rusiya Federasiyası Prezidenti ilə Azərbaycan Respublikası Prezidentinin Birgə Bəyanatı imzalanan sənədlər arasında xüsusi əhəmiyyət kəsb etmişdir. Həmçinin nümayəndə heyətlərinin üzvləri hökumətlər arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, istehsal kooperasiyası, vergi qanunvericiliyinin pozulması sahəsində mübarizədə əməkdaşlıq, informasiya mübadiləsi və sərhəd nümayəndələrinin fəaliyyəti haqqında sazişlər imzalamışlar. Sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edən ulu öndər Heydər Əliyev bu görüşün ölkələr arasında münasibətlərə müsbət təsir göstərəcəyini qeyd etmiş, Prezident Vladimir Putin Azərbaycanın dövlət başçısının ölkəsinə səfərini ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ adlandırmışdır.

Yanvarın 25-də Azərbaycan Prezidentinin Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov və Moskva şəhərinin meri Yuri Lujkov ilə görüşündə qarşılıqlı əlaqələrin dərinləşməsinin, eyni zamanda Xəzərin karbohidrogen ehtiyatlarının birgə işlənilməsi və nəqlinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanmış, quru və su yollarından istifadə etməklə Azərbaycanın Şimal-Cənub, Rusiyanın Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinə qoşulması məsələləri barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanla Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlığa dair birgə komissiyanın fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevə Rusiya-Azərbaycan münasibətlərinin və elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişafında əvəzsiz xidmətlərinə görə M.Lomonosov adına MDU-nun rektoru V.Sadovniçi tərəfindən universitetin fəxri professoru diplomu və medalı təqdim edilmişdir.

Səfərin sonuncu günü - yanvarın 26-da Prezident Heydər Əliyev Rusiyanın xarici işlər naziri İqor İvanovla görüşmüş, Xəzər dənizinin statusu məsələsi müzakirə edilərkən hər iki ölkənin mövqeyindən məmnunluq ifadə edilmiş və xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun bu istiqamətdə işi davam etdirməsi qərara alınmışdır. Prezident Heydər Əliyev Rusiyanın "İTAR-TASS" agentliyinin və digər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüş, həmçinin Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTac) və Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) arasında beynəlxalq informasiya məkanında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Dostluq, mehribanlıq şəraitində keçən görüşdə bundan sonra da qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, əldə olunan müsbət nəticələr yüksək qiymətləndirilmişdir.

Azərbaycanın dövlət başçısı Heydər Əliyevin 2002-ci ildə Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında regional və beynəlxalq təşkilatlarda əməkdaşlığı gücləndirmiş, əlaqələrin inkişafına zəmin yaratmışdır. 2022-ci il fevral ayının 22-də "Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə" isə 30 il əvvəl yaranmış diplomatik əlaqələrin davamı olaraq münasibətlərin daha da genişlənməsinə, əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.

Mehparə ƏLİYEVA,

"Respublika".