İkiüzlülük belçikalı nazirin fitrətində var
Siyasət

İkiüzlülük belçikalı nazirin fitrətində var

Avqustun 24-də Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Hadija Labib və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. C.Bayramov Belçika XİN rəhbərinə postmünaqişə dövrünün reallıqlarından danışıb. Postmünaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.

Görüşdə nazir Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verib. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb. Nazir eyni zamanda bölgədə onilliklər boyu Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə bəzi dövlətlərin göz yummasının, habelə postmünaqişə dövründə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının siyasi manipulyasiyadan başqa bir şey olmadığını diqqətə çatdırıb. Bütün bunlarla əlaqədar, bölgədə Avropa İttifaqı missiyası kimi beynəlxalq təşəbbüslərin Ermənistan tərəfindən sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi vurğulanıb. Azərbaycanın hər zaman sülh və təhlükəsizlik şəraitində, ölkəmizin ərazi bütövlüyü çərçivəsində birgəyaşayışın, inkişaf və rifahın tərəfdarı olduğu və bu istiqamətdə səylərini davam etdirəcəyi vurğulanıb. Əslində bu görüşdə verilən bütün məlumatlar rəsmi Bakının Brüsselə cavabı idi. Çünki Belçikanın xarici işlər naziri səfərə şəxsi ambisiyalarla gəlmişdi. Belə ki, xanım Labib Azərbaycana səfər etməzdən öncə Ermənistanda həmkarı Ararat Mirzoyan, eləcə də baş nazir Nikol Paşinyanla görüşmüşdü. O, İrəvanda olarkən qarabağlı ermənilərin üzləşdikləri çətinliklər barədə narahat olduğunu bildirmiş, mahiyyət etibarilə Azərbaycan əleyhinə olan bəyanatla ön plana çıxmışdı. Üstəlik, Ararat Mirzoyanı arxayın etmişdi ki, bütün bu məsələləri azərbaycanlı həmkarı ilə müzakirə edəcək. Amma Labibin Bakı səfəri zamanı belə açıqlamasının şahidi olmadıq. İrəvanda olarkən Azərbaycanı ermənilərin şərtləri ilə sülh müqaviləsi imzalamağa çağıran diplomat Bakıda tamamilə fərqli ritorika ilə çıxış etdi.

Belçikalı nazirin belə ziddiyyətli davranışı həm də ondan xəbər verir ki, o, Azərbaycanla Ermənistan arasındakı problem barədə səthi biliyə malikdir, proseslərin xronologiyasından, səbəblərindən və hazırkı gedişatdan xəbərsizdir. Amma xanım diplomatın bələd olmadığı məsələlərlə bağlı belə qətiyyətli fikir yürütməsi təəccüblü deyil. Labibin siyasi karyerası bənzər məqamlarla doludur. Belə nüanslardan biri onun 2021-ci ildə Ukraynanın suverenliyinə hörmətsizlik edib Rusiyadan viza alaraq Krıma yollanmasıdır. Maraqlı məqam odur ki, diplomatın siyasi baxışlarında ciddi ziddiyyətlər var. O, Gürcüstanın ərazi bütövlüyünü tanıyır, yəni Tbilisidə separatizmə qarşıdır, Kiyevdə isə bu meyillərə dəstək verir. Eyni zamanda Labib Qərbin Rusiya vətəndaşlarına Şengen vizasının verilməməsi təşəbbüsünü də yolverilməz adlandırıb, nəticədə, avropalı həmkarları tərəfindən Moskvaya aşkar tərəfkeşlikdə ittiham olunub. Doğrudan da belçikalı nazirin Kremlə xüsusi simpatiyası var. O, həm də Tehranın açıq dəstəkçisi qismində çıxış edir. Belə ki, İranda etirazçılar vəhşicəsinə təzyiqlərə məruz qalarkən Labib Belçikada keçirilən festivalda iştirak etmək üçün İranın 14 rəsmisinə viza verib. Yəni əvvəllər jurnalist olan xanım Belçikanın XİN başçısı postunda çalışdığı ilk gündən bəri eksentrik davranışı, islamofobiya həddinə çatan bəyanatları və bələd olmadığı mövzularda qəti fikir yürütmək vərdişi ilə ciddi rezonanslar doğurub, sərt tənqidlərin hədəfində olub.

Əlbəttə ki, Labibin mövqeyinin həm də təmsil etdiyi ölkənin siyasəti olduğunu unutmamalıyıq. Belə ki, rəsmi Brüssel keçmiş Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəklədiyini bildirsə də, heç vaxt İrəvana təzyiq göstərməyib. Üçtərəfli Bəyanatın imzalanmasından sonra isə Belçika Xarici İşlər Nazirliyi ikili standartların məskən saldığı ATƏT-in keçmiş Minsk Qrupunun fəaliyyətini bərpa etməyə çağıran gülməli şərh verib. 2020-ci ilin dekabrında isə Belçika Parlamenti Azərbaycanın döyüşlərə muzdlular cəlb etdiyinə dair qətnamə qəbul edib, həmin kağız parçasında siyasi yanlışlara yol verib. Ekofəalların aksiyası və Laçın yolunda yaranmış vəziyyəti şərh edərkən də açıq-aşkar ermənipərəst mövqe tutub. Amma işğal dövründə, eləcə də postmüharibə mərhələsində 3-cü dövlətlərin mövqeyindən asılı olmayaraq rəsmi Bakı qalib tərəfdir və regionda öz milli maraqlarına uyğun fəaliyyət göstərəcək. Belçikalı rəsmilər həm də onu nəzərə almalıdır ki, son dövrdə Azərbaycanla Ermənistan arasında ən mötəbər görüşlərin məkanı məhz paytaxt Brüssel olub. Bu, sözügedən ölkəyə edilən etimadın göstəricidir və bunun qarşılığında ev sahibi ölkə də məsələyə konstruktiv yanaşma öhdəliyi götürür. Odur ki, Belçika hökuməti verdiyi açıqlamalarda daha diqqətli olmalı, tərəfsizlik prinsipinə əməl etməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".