Ermənistanı tərk edənlərin sayı artır
Siyasət

Ermənistanı tərk edənlərin sayı artır

Böyük qüvvələrin əlində alətə çevrilən Ermənistan hər ötən gün bir az da çökür. Ölkə acınacaqlı vəziyyətdədir, məğlubiyyət acısından düzgün nəticə çıxara bilməyən, kənar dövlətlər tərəfindən top kimi oynadılan Ermənistan böyük bir uçurum qarşısındadır.

Sosial-iqtisadi çətinliklər, işsizlik və iqtidar-müxalifət arasındakı gərginlik dövlətin süqutunu reallaşdırır. Artıq sadə erməni əhalisi dövlətinə inanmır və çıxış yolu kimi başqa ölkələrə getməyi daha məqbul hesab edir. Dövləti idarə edən qüvvələrin xəstə təxəyyülü və özgə yalına alışması nizamından çıxmış sükan kimidir. Harada duracaq, hansı nöqtədə qərarlaşacaq məlum deyil.

Ermənistan Azərbaycan dövlətinin ona qarşı mərhəmət və diqqətindən yararlana bilmədi, bunu ya bacarmadı, ya da yalançı kölgələrə aldandı. Ancaq düşmən bir şeyi anlamalıdır ki, ölkəni düşdüyü acınacaqlı durumdan yalnız yaxın qonşularla sülh şəraitində yaşamaqla qurtara bilər.

Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Bölgədə kommunikasiyaların, nəqliyyat yollarının açılmasında tələb olunan şərtlərə əməl etmir, özünü regionda həyata keçirilən mühüm irimiqyaslı layihələrdən, iqtisadi inkişafdan və sosial tərəqqidən kənarda qoyur. Buna görə də, regionun inkişafı üçün həyata keçirilən bütün prosesləri ləngitməyə çalışan ölkədə son məlumatlara görə əhalinin sayında kəskin şəkildə azalma müşahidə edilir. Maraqlısı odur ki, əhalinin sayında azalma prosesi sadəcə ucqar kəndlərdə deyil, həmçinin mərkəzi şəhərlərdə də müşahidə olunur. Ötən illə müqayisədə bu rəqəmlər xeyli artıb. Əsasən də Qafan, Gorus, Mehri, Qarakilsə və İrəvanın özündə daha çoxluq təşkil edir.

Sözsüz ki, buna səbəb olan problemlərdən birincisi ölkədə sosial-iqtisadi böhrandır. 2021-ci ilin ortalarından başlayan bu proses daha da güclənib. Ərzaq məhsullarının qiymətinin kəskin artması, erməni dramının dollara nisbətən xeyli ucuzlaşması, vətəndaşların gəlirlərinin azalması və işsizlik ölkədə kütləvi yoxsulluğun artmasına gətirib çıxarıb. Üstəlik, işğal dövründə Qarabağ ərazilərinə yerləşdirilən ermənilərin ölkəyə kütləvi köç etməsi vəziyyətin ağırlaşmasına bir az da təkan verib. Paytaxt erməniləri və Qarabağdan köçən ermənilər arasında hazırda iki cəbhə yaranıb. Əlbəttə ki, bütün bunların fonunda ölkəni tərk edənlərin sayında dinamik artım müşahidə edilir. Problemin qarşısının alınmasında hakimiyyət maraq göstərmir. Elə bu səbəbdən, Ermənistanı birdəfəlik tərk edənlər ildən-ilə çoxalır, ermənilər özləri də açıq şəkildə etiraf edirlər ki, yaxın zamanlarda ölkədə heç kim qalmayacaq. Paşinyan hökuməti isə əhalinin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq, Azərbaycanla sülh müqaviləsi imzalamaq əvəzinə, hələ də qlobal güclərin oyununda köhnə alət rolu oynamağa üstünlük verir.

Ancaq siyahıyaalmaya əsasən ölkə əhalisi 2 milyon həddindədir. Güman edilir ki, ölkə əhalisinin sayı göstərilən rəqəmlərdən daha azdır. Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti isə yaşı 65-i ötən yaşlılardır. Bu mənada, mütəxəssislər dövləti "qocalmış" ölkə adlandırırlar. Deməli, ölkədə təkcə sosial-iqtisadi deyil, həm də əhali sayında da inkişaf yoxdur.

Ramidə YAQUBQIZI,

"Respublika".