İmişli rayonunun Hacırüstəmli kəndində təbii qazın verilməsi münasibətilə tədbir keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etdilər.
Tədbirdə çıxış edən RİH başçısı Elçin Rzayev bildirdi ki, bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da baş verən sosial-iqtisadi inkişaf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır. Rayon rəhbəri qeyd etdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, əmin-amanlıq insanların dinc və firavan yaşaması, onun siyasi varisi, layiqli davamçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim gözlənilir. Bu da ondan əmələ gəlir ki, görülən bütün işlərin mərkəzində insan amili, onların maddi rifah halının və məişət şəraitinin yaxşılaşdırılması dayanır.
Kənd sakini İltifat İmanov çıxış edərək qeyd etdi ki, Hacırüstəmli kəndi İmişli rayon mərkəzindən 40-45 km uzaq olsa da, istər Sovetlər dövründə və ya hazırda rayonun bütün tədbirlərində fəal iştirak edirlər. Kəndimizin sakinləri sözün həqiqi mənasında zəhmətkeş insanlardır. Hazırkı vəziyyətdə kənd sakinləri mal-qara saxlamaqla bərabər, istənilən qədər pambıq əkib, əla çıxış alıb inşallah bol məhsul gözlənilir, bu da sakinlərin firavan yaşaması üçün yetərli bir haldır. Ən vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, bizim kənd sakinləri yay ayları gərgin işləyib qış vaxtlarında az da olsa istirahət edə bilmirdilər. Səbəbi kənd ətrafında, yaxınlıqda meşə sahələrinin olmaması ilə bağlı idi. Kəndə kənardan az hallarda satılmaq üçün gətirilən odundan istifadə etmək ən azı bir ay üçün 60-70 manata başa gəlirdi, bu da hər ailənin imkanı daxilində deyildi. Şübhə yoxdur ki, kəndimizin sakinlərinin evlərində təbii qazın yanması onların rahat yaşamasına zəmin yaradacaq. Mən kənd sakinlərimiz adından ölkə rəhbərimiz cənab İlham Əliyevə dərin təşəkkürlərimizi bildirirəm.
Birinci Qarabağ şəhidi Mehman Süleymanov adına tam orta məktəbin direktoru Dərgah Mehtiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının daha da firavan yaşaması üçün sosial-iqtisadi layihələr həyata keçirilir. Torpaqlarından məcburən didərgin salınan soydaşlarımızı öz yurd-yuvalarına qayıtması üçün lazımi tədbirlər həyata keçirilir. İnşallah, soydaşlarımız işğaldan azad olunan torpaqlarımızda tezliklə yeni şəraitli evlərlə təmin ediləcək. Biz 44 günlük müharibədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və ona güvənən Vətən oğullarının, hərbçilərimizin igidliyinin şahidi olduq. “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi Namiq Məmmədov bildirdi ki, 222 abonenti olan Hacırüstəmli kəndinə birpilləli sistem əsasında 20326 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin fərdi yaşayış evlərinə G-4 markalı qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Çıxış edən sakinlər kəndin mavi yanacaqla təmin olunmasına görə dövlətimizin başçısına və bu işdə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olan Asim Abbasovun ailəsi yeni qaz sobası ilə təmin edilərək, ailəyə məxsus evin mətbəxində mavi yanacaq yandırılıb. Qeyd edək ki, Hacırüstəmli kəndinə ilk dəfə təbii qaz verildiyi üçün əhali ilə qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilmə işləri də aparılıb.
Ərəstun ABDULOV,
“Respublika”.