İnsan hüquqları aylığı çərçivəsində tədbir
Digər xəbərlər

İnsan hüquqları aylığı çərçivəsində tədbir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon idarəsində (SHXÇDX) çağırışçıların iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Xidmətin Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Elxan Feyziyev görüşün məqsədi barədə məlumat verib.

Məruzə ilə çıxış edən SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.

Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da məhz insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatına yönəlib.

Hər il iyunun 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi insan hüquqları siyasətinin milli strategiya kimi formalaşmasının sübutu olduğunu ifadə edib.

Natiq çıxışında Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə də hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar barədə iştirakçılara ətraflı məlumat verib.

                                                                                                                         Müşfiq Mirzə,

                                                                                              “Respublika”.