İqor Korotçenko: Azərbaycan qarşıya qoyduğu vəzifələrə nail olacaq
Diaspora

İqor Korotçenko: Azərbaycan qarşıya qoyduğu vəzifələrə nail olacaq

Məlum olduğu kimi, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, həmçinin hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Genişmiqyaslı erməni təxribatlarının qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı.

Azərbaycanın başlatdığı lokal xarakterli antiterror təbdirləri ilə bağlı Rusiyanın tanınmış politoloqu, Rusiya Federasiyası Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko sentyabrın 19-da, hələ antiterror tədbirləri başa çatmadan əvvəl açıqlama vermişdir. İ.Korotçenko bildirmişdir ki, Azərbaycan Qarabağ ərazisində antiterror tədbilərinin görülməsinə başlayıb və bu, məcburiyyətdən verilmiş bir qərardır, ilk növbədə, 19 sentyabrda yollarda və kommunikasiyalara tank əleyhinə minalar yerləşdirmiş erməni diversiya qrupları tərəfindən törədilmiş terror aktları ilə bağlıdır: "Nəticədə biri mülki, digəri isə Azərbaycanın Daxili İşlər Nazirliyinə məxsus iki avtomobil partladılmışdır. Terror aktları nəticəsində həlak olanlar var. Belə bir şəraitdə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalmışdır. Birinci mərhələdə Azərbaycan tərəfindən pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli hərbi silahlar vasitəsilə erməni separatçıların və Azərbaycanın Qarabağ iqtisadi rayonunda mövcud olan erməni silahlı qüvvələrinin mövqeləri, dayaq məntəqələri, rabitə qovşaqları, komanda kommunikasiyaları və uzunmüddətli müdafiə-mühəndis qurğularına zərbələr endirilir.

Zərbələr belə endirilir ki, mülki əhali tərəfindən hər hansı itkilərə yol verilməsin. Azərbaycanın arsenalında silahlı mübarizənin aparılması üçün ən müasir, hədəflərin yüksək dəqiqliklə vurulmasını təmin edən vasitələrin olduğunu nəzərə alsaq, hesab edirik ki, qarşıya qoyulan vəzifələr mülki əhali, Qarabağ erməniləri arasında itkilər olmadan  yerinə yetiriləcək. Təbii ki, bu, hər hansı qaydada Rusiya sülhməramlı kontingentinin həyat və sağlamlığına zərər vurmayacaq.

Birinci mərhələdən sonra özündə yerüstü əməliyyatların keçirilməsini ehtiva edəcək ikinci mərhələnin olub-olmaması barədə danışmaq hələ çətindir. Aydın olanı budur ki, hadisələrin inkişaf dinamikası reaksiyanın necə olacağını artıq ən yaxın 10-12 saat ərzində müəyyənləşdirmiş olacaq. Müşahidə edirik ki, antiterror təbdirləri başlayandan sonra separatçıların rəhbərliyi danışıqların başlanılması ilə bağlı müraciət etməyə cəhd göstərmişdir, lakin Azərbaycanın hərbi komandanlığı tərəfindən buna belə bir cavab verilmişdir ki, "ağ bayraq" qaldırın, müqaviməti dayandırın və sizin həyatlarınız qorunacaq. Bununla bərabər, Azərbaycan Qarabağ ermənilərinin baş verənlərlə əlaqədar məlumatlandırılması kampaniyasını da həyata keçirir. Təminat verilir ki, onların həyatlarına, mülkiyyətlərinə ziyan dəyməyəcək. Bakı əvvəldən də bəyan edirdi ki, Qarabağ ermənilərini, əvvəla, özünün tamhüquqlu vətəndaşları, ikincisi isə regionda özünü hakimiyyət nümayəndələri bilən, sərəncamlar verən separatçıların əlində girov kimi görür. Ümumilikdə antiterror təbirlərinin görülməsi ilə bağlı ilkin dəyərləndirmələr onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri intizamlı və dəqiq fəaliyyət göstərir, bölmələrə rəhbərlik lazımi səviyyədə təmin edilib, zərbələr öncədən müəyyən olunmuş hərbi obyektlər və hədəflərə endirilir, ümumilikdə isə Azərbaycanın Silahlı Qüvvələri mənəvi hazırlığın və peşəkarlıq məharətinin yüksək səviyyəsini nümayiş etdirir.

Biz görürük ki, həm İrəvan, həm də erməni lobbiçiləri Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini dayandırmaq məqsədilə BMT mexanizmlərini işə salmağa çalışır. Regiondakı vəziyyəti təhlil edən və dəyərləndirən ekspertlər hesab edirlər ki, çox şey yaxın zamanlarda siyasi vəziyyətin hansı məcrada inkişaf edəcəyindən asılı olaraq.  İstənilən halda, məhz yaxın bir sutka ərzində həyata keçirilən tədbirlərin məqsəd və vəzifələrinə daha dəqiq korrektələrin ediləcəyini gözləyirik. Həmçinin, siyasi düzən, çox güman ki, Bakının həm hərbi, həm də siyasi-diplomatik müstəvidə sonrakı hərəkətlərinin məntiqini müəyyən etmiş olacaq".

“Respublika”.