İranın anti-Azərbaycan, anti-türk təbliğatı
Siyasət

İranın anti-Azərbaycan, anti-türk təbliğatı

Ərəbləri, türkləri, monqolları farsların düşməni sayan bu ölkənin birinci xanımı öz müsahibəsi ilə yenidən gündəmə gəldi

İslam dininin qanunları ilə az-çox tanış olan hər kəs yaxşı görür ki, İran dövlətinin bu dinlə heç bir əlaqəsi yoxdur. Bu dövlətin molla rejimi İslam pərdəsinə bürünərək yalnız şovinizm siyasəti yürüdür. İran terrorçu dövlətdir onu bütün dünya belə tanıyır. Bu səbəbdən , demək olar ki, İranın dostu yoxdur. Hazırda siyasi hakimiyyətdə olan şovinizm ideologiyasının daşıyıcıları hələ moğolları (monqol-tatarlar), ərəb türkləri özlərinin düşməni sayırlar.

Tarixə qısaca ekskurs edək... Sasanilər sülaləsi III Yezdəgirdin hakimiyyəti dövründə ərəblər tərəfindən süqut edib. Ərəblər 633- ildən etibarən Sasanilərin ərazisinə hücumlar etməyə başlayıb, 633-634- illərdə baş verən 9 döyüşdə ərəb sərkərdəsi Xalid ibn Vəlid qələbə qazanıb. O vaxtdan da farslar Sasani imperiyasını süquta uğratdığı üçün ərəbləri sevmirlər. Ərəblərdən sonra monqollar türklər Sasani ardıcıllarının hakimiyyətə gəlməsinə mane olublar. Rza Pəhləvinin taxt-taca yiyələnməsi ilə panfarsizm düşüncəsi bərpa olunub. 1979-cu ilin fevral inqilabından sonra onu İslam adı altında gizlətməyə çalışsalar da, indiyədək bu mürtəce düşüncə sistemi davam edir. Həmin ideologiyaya əsasən, türklər, monqol-tatar, bəzən çinlilər ərəblər farsların düşmənidir. Bu, tanıdığımız İrandır...

Əvvəla, onu deyək ki, İranda prezidentlər son vaxtlar tez-tez dəyişir. Ancaq prezidentlər dəyişsə , siyasət dəyişmir. 2021-ci ilin iyununda İranın 8-ci prezidenti seçilən Seyid İbrahim Rəisi özünün əvvəlki həmkarlarından fərqlənmir. Yox, bir fərqi var. O da onun həyat yoldaşı ilə bağlıdır. Mühafizəkar xəttin qatı tərəfdarı olan İbrahim Rəisi öz şəxsi həyatı ilə bağlı hər şeyi gizli saxlayır. Ümumiyyətlə, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar, başqa sözlə desək, ictimaiyyət arasında fəallıq göstərmirlər. Onlar insanlar qarşısında nadir hallarda görünür, tədbirlərdə iştirak etmir, mətbuata çıxmır, jurnalistlərlə təmasda olmurlar. Amma İbrahim Rəisinin xanımı əvvəlki birinci ledilərlə müqayisədə müəyyən qədər istisna təşkil edir. Deyəsən, İranın hazırkı birinci xanımı Cəmilə Ələmolhoda bu köhnə stereotipi dağıtmaq istəyir.

Bu ilin fevral ayında Cəmilə xanım dünya liderlərinin xanımlarını Tehrana toplayıb İranı özünü başqa bir rakursdan tanıtmağa cəhd göstərdi. Yəqin ki, diqqətli oxucularımız Cəmilə xanımın Ermənistan liderinin xanımı Anna Akopyanla səmimi görüşlərini, iki xanımın müqəddəs evə birgə ziyarətini, heç kəsə lazım olmayan mənasız çıxışlarını s. xatırlayır. Qadınlara qarşı hər cür zorakılığın baş alıb getdiyi bu ölkədə birinci xanımın dünyanın qadın fəallarını bir yerə toplayaraq qadın hərəkatı fəallığından dəm vurması son dərəcə gülüncdür.

Ümumiyyətlə, Cəmilə Ələmolhoda (Jamileh Alamolhoda) kimdir? O, İranın ən nüfuzlu din adamlarından biri - Məşhəd şəhərinin imam cüməsi Əhməd Ələmolhodanın böyük qızıdır. Əhməd Ələmolhoda həm İranın ali dini lideri Xamneinin  Xorasan vilayəti üzrə nümayəndəsidir. 1965-ci ildə İranda anadan olub. Qeyd etdiyimiz kimi, İranın birinci ledilərinin haqqında çox məlumat yayılmadığından Cəmilə Ələmolhodanın şəxsi həyatı haqqında da çox şeylər açıqlanmır. Əldə olunan informasiyalara görə, hazırda təhsil fəlsəfəsi üzrə doktorluq dərəcəsinə malik olan Cəmilə Ələmolhoda ali təhsili ailə qurduqdan sonra alıb. Şəhid Behişti adına Tehran Universitetinin dosentidir. Atası kimi, o da İslam elminin böyüməsini dəstəkləməklə məşğuldur. İslami baxımdan sosial problemləri araşdırır. "İslam inkişafının İslam nəzəriyyəsi" kitabının müəllifidir. 2021-ci il prezident seçkiləri zamanı Tehrandakı qadın toplantılarında ərinin təbliğatını aparması ilə yadda qalıb. Bəzi məlumatlara görə, ali təhsilli olmasına baxmayaraq, Cəmilə Ələmolhodanın dünyagörüşü ailə ənənəsindən mühafizəkarlıqdan qaynaqlanır, yəni cəmiyyətdə qadının rolunu önəmli saymır. Ancaq bundan sonra deyəsən, yanaşmasını bir qədər dəyişəcək. Çox güman ki, əlinə silah alıb qadınları başına yığan, "11 min fərarinizin olduğunu etiraf etməkdən çəkinirsiniz, çünki qorxaqsınız, döyüşdən qorxursunuz", - deyib erməni kişilərini ittiham edən Anna Akopyandan nümunə götürüb. Bəlkə bundan sonra İbrahim Rəisi arvadı Cəmilə xanımı özü ilə daha tez-tez səfərlərə götürəcək

Bu günlərdə İran prezidenti İbrahim Rəisi xanımı Cəmilə Ələmolhoda ilə birlikdə Venesuelaya səfər edib. Səfər çərçivəsində birinci xanım Venesuelada yerli televiziya kanallarından birinə müsahibə verib. O, İranda əhalinin əhəmiyyətli hissəsi olan türk ərəblərə nifrət bəsləyən irqçi fikirlər söyləyib: "Ərəblər, türklər moğollar bizim düşmənimiz olub", - deyib.

Bu çıxış, ilk növbədə İranın dünya mediasında anti-Azərbaycan, anti-türk təbliğatının davamıdır. Yəni İran hakimiyyətinin siyasətinə o da öz "töhfə"sini vermək istəyib. Digər bir tərəfdən, Cəmilə xanım çadrasını başına salaraq, "Düşmənimin düşməni dostum, dostu düşmənimdir" prinsipinə əsaslanıb bizim Qaraca qızın mahnısını oxumaqdadır: "Çıxdım yolun düzünə, Dost gəzirəm özümə". Ancaq düşünmür ki, bu çıxışla onlar nüfuzlarını tamam itirirlər. Yeri gəlmişkən deyək ki, birinci xanımın bu çıxışına qarşı Güney Azərbaycanın bir qrup ziyalısı BMT-nin irqi ayrı-seçkiliyin ortadan qaldırılması komitəsinə müraciət ünvanlayıb. Müraciətin surəti Türk Dövlətləri Təşkilatına, Türkiyə Prezidenti Administrasiyasına Azərbaycan Prezidenti Administrasiyasına da göndərilib: "İran İslam Respublikasının hakimiyyət orqanları onlara tabe olan qurumlar, təşkilatlar sistematik olaraq fars olmayan etnoslara qarşı ayrı-seçkilik siyasəti aparır. Uzun illərdir bu kimi ifadələrlə qeyri-fars etnik mənsubları təhqir edilir, assimilyasiya siyasətinə məruz qalırlar".

Əlbəttə, məsələ ilə bağlı əvvəlcədən bir şey söyləmək çətindir, ancaq onu deyə bilərik ki, İranın birinci xanımı hələ yeni "start" götürüb, sonrasını özü bilər.

Zümrüd QURBANQIZI,

"Respublika".