Fransa müstəmləkə siyasətini davam etdirməyə çalışır
Siyasət

Fransa müstəmləkə siyasətini davam etdirməyə çalışır

İkinci Qarabağ müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çalışan, yalan və böhtan siyasəti ilə Fransa Qarabağda münaqişənin sülh yolu ilə həllini gecikdirib. Makron hakimiyyəti hələ də ölkəmizə qarşı yeni provakasiya təşəbbüsləri ilə çıxış edir.

Qarabağla bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclası yenə də nəticəsiz başa çatıb. Avropa İttifaqı (Aİ), Almaniya və Fransa ermənilərin azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı heç nə deməməklə yanaşı, riyakarlıqla Ermənistanı müdafiə etməyə çalışıblar.

Mövzuyla bağlı millət vəkili Arzu Nağıyev deyib: "Məlum məsələdir ki, Fransa daim ermənilərin havadarı kimi çıxış edib, özəl maraqları olub. Həm iqtisadi, həm siyasi cəhətdən Ermənistanı vasitə kimi istifadə edərək öz müstəmləkə siyasətini daim regionda yeritməyə çalışıb və bu gün də bu addımları atır. Hamıya məlumdur ki, Avropa İttifaqı, Almaniya kimi sərhədlərdən çox uzaq olan bu dövlətlər gəlib adi ermənilərin yanında duran deyillər. Bunlar hamısı öz siyasi maraqlarını güdürlər. Bu baxımdan Ermənistan Azərbaycan ilə sülh müqaviləsi imzalamalıdır. Çünki onun bundan başqa yolu yoxdur".

 

Nurcan SÜLEYMANOVA,

"Respublika".