İranın iç üzü daha aydın göründü
Digər xəbərlər

İranın iç üzü daha aydın göründü

Dünya terrora rəvac verən bu ölkəni yenə də qınadı

Azərbaycan dövlətinə qarşı aparılan ikiüzlü, xain siyasətin məntiqi nəticəsi olaraq yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilib. Baş verən silahlı terror aktı nəticəsində mühafizə rəisi, baş leytenant Əsgərov Orxan Rizvan oğlu həlak olub. Bununla yanaşı, iki mühafizə işçisi ağır yaralanıb. Paylaşılan video görüntülərdən də aydın olur ki, İran dövləti öz üzərinə düşən diplomatik nümayəndələrin təhlükəsizliyini təmin etmək öhdəliyinə əməl etməyib. Belə ki, səfirliyin binasına rahatca daxil olan Yasin Hüseynzadə adlı şəxs "Kalaşnikov" silahı ilə səfirlik əməkdaşlarını atəşə tutub. Terrorçunu zərərsizləşdirmək də İran polisinin deyil, məhz səfirliyin mühafizəçilərinin sayıqlığı sayəsində mümkün olub.

Silahlı hücuma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Milli Məclis nümayəndələri və bir sıra dövlət adamları dərhal münasibət bildirib. İlk öncə dövlət başçısı İlham Əliyev rəsmi tvitter hesabından paylaşım edib: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"

Baş vermiş terror hadisəsi ilə bağlı xarici dövlətlərin rəsmiləri, ölkəmizdəki diplomatik nümayəndələri və bir sıra beynəlxalq təşkilatlar Azərbaycan dövlətinə başsağlığı verib hadisəni şiddətlə qınadıqlarını bildiriblər. İlk rəsmi bəyanat dost və qardaş ölkə olan Türkiyə Cümhuriyyətindən gəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qanlı hadisə baş verəndən dərhal sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon əlaqəsi saxlayaraq Türkiyənin hər zaman Azərbaycan dövlətinin yanında olduğunu bəyan edib, hadisədən narahatlığını bildirərək silahlı hücumu terror aktı kimi qiymətləndirib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında bəyanat yayıb: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyirik. Allah şəhidimizə rəhmət eləsin, yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik". Türkiyə Cümhuriyyətinin digər yüksəkvəzifəli nümayəndələri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, Ailə və Sosial Xidmətlər naziri Daria Yanık Azərbaycan xalqının yanında olduqlarını, bu terroru lənətlədiklərini bildiriblər. Türkiyə ilə yanaşı, digər ölkələrdən də Azərbaycana dəstəklər gəlib. Ukrayna Xarici İşlər Nazirliyi, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu yaydıqları bəyanatda Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu qətiyyətlə pisləyib və dünyasını dəyişən həmyerlimizin ailə üzvlərinə başsağlığı veriblər. Dünyanın nüfuzlu təşkilatı olan BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tvitter hesabında yazıb: "Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm". ABŞ-ın Azərbaycandakı səfirliyi də hadisəyə münasibət bildirib. Böyük Britaniyanın səlahiyyətli səfiri Fergus Auld hadisəyə reaksiya bildirərək: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı", - deyib. Şimal qonşumuz olan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: "Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk. Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik".

 Hadisə ilə əlaqədar olaraq İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Müsəvi xarici işlər nazirliyinə çağırılıb. Görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək öhdəliyini qəbul edən tərəfin əsas vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

 Qeyd edək ki, İranda Azərbaycan diplomatlarına qarşı daha öncə də təxribatlar olub. Azərbaycan tərəfinin İran hökumətinə xəbərdarlıq etməsinə baxmayaraq, İran polisi lazım olan təhlükəsizlik tədbirlərinə ciddi yanaşmayıb. İran İslam Respublikasının bu hadisənin məişət zəminində baş verməsini bildirməsi hadisəyə qeyri-obyektiv münasibətin nəticəsidir. Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi səfirliyə hücum edən təcavüzkarın həbs edildiyini, hadisənin şəxsi və ailə problemlərindən qaynaqlandığını bildirib. İran həm öz daxilində, həm də xarici ölkələrdə terrorçuluq fəaliyyətinə ara vermir. "Arab News" xəbər saytı bildirmişdir ki, bir müddət əvvəl, İran vətəndaşı Albaniyadakı İran müxalifləri arasında kəşfiyyat və terrorçuluq fəaliyyəti apararkən ittiham olunaraq həbs edilib.

Bundan başqa, 2018-ci ildə İran diplomatı Əsədulla Əsədiyə Parisdə iranlı müxaliflərin yürüşü zamanı partlayış təşkil etməkdə iştirakına görə Belçikada 20 il iş kəsilib. Küveyt məhkəməsi öz ölkəsindəki İran səfirliyinin terror qruplarını yaratdığını sübuta yetirib. Bu hadisədən sonra diplomatlar ölkədən xaric edilib. Türkiyə iyun ayında bu ölkədəki İsrail vətəndaşlarını öldürməyə çalışan 8 nəfər iranlını saxlayıb. Danimarka məhkəməsi 2020-ci ildə iranlı ərəb-müxaliflərə qarşı sui-qəsd təşkil etdiyinə görə İrana xidmət edən bir nəfəri məhkum edib.

Musa BAĞIRLI,

"Respublika".