İslam Əməkdaşlıq Təşkilatı azad olunmuş ərazilərin bərpası işlərində Azərbaycana lazımi dəstəyi göstərəcək
MÜSAHİBƏLƏR

İslam Əməkdaşlıq Təşkilatı azad olunmuş ərazilərin bərpası işlərində Azərbaycana lazımi dəstəyi göstərəcək

Bu gün Ağdamda - azad edilmiş türk torpaqlarında olmaqdan həm məmnunam, həm də kədərlənirəm. Çünki Ağdamdakı dağıntıları gördük. Bütün şəhər, 100 min nəfərlik şəhər dağıdılıb. İşğalçılar bir mədəniyyəti yox etməyə çalışıblar.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında martın 31-də Ağdam rayonuna səfər edən İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq İslam Komitəsinin təmsilçisi Ömər Taşlı söyləyib.

O deyib: "İşğalın nə qədər mənasız olduğunu görürük. Çünki Ermənistanın burada yaşayacaq əhalisi də yoxdur. Bu, sadəcə insanlıqdan kənardır, şəhər tamamilə məhv edilib. İnfrastruktur, istehsal müəssisələri... Müharibələrin nə qədər pis olduğunu anlatmaq üçün bütün dünyadan insanları buraya gətirmək lazımdır. Gəlib işğalın nəticələrini, müharibənin acılarını burada öz gözləri ilə görsünlər".

İşğalın nəticələrinin aradan qaldırılmasında humanitar dəstəyin vacibliyini vurğulayan Ömər Taşlı bildirib ki, Beynəlxalq İslam Komitəsi Azərbaycanın azad edilmiş ərazilərinə mülki insanların təkrar qayıtması, yeni həyata başlamaları üçün humanitar yardım göstərəcək. "Bu, inkişaf baxımından yardımdır. Bu məsələdə bizim töhfəmizin olmasını istəyirik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş Azərbaycan ərazilərində məscid, məzarlıq, kənd təsərrüfatı ilə bağlı dəymiş ziyanla əlaqədar hesabat hazırlanacaq: "İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı ciddi işlər görür və bu ərazilərin bərpası ilə bağlı planlarımız var. İnşallah, təşkilatımız bu işlərdə Azərbaycana lazımi dəstəyi göstərəcək".

Xatırladaq ki, Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin üzvləri işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədir.

AZƏRTAC