İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır
Siyasət

İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır

Azərbaycan gün keçdikcə beynəlxalq arenada həm ticari, həm də siyasi cəhətdən öz yerini möhkəmləndirir. Ölkələr arasında ticarət baxımından Azərbaycan əlverişli məkan hesab edilir, çünki respublikamız neft-qaz resursları, pambığı və bir çox təbii sərvətləri ilə ön plandadır. Bir çox ölkələrin yüzə yaxın brendi Azərbaycanda rəsmi olaraq yerləşir. Bununla yanaşı, qarşılıqlı əməkdaşlıq cəhətdən də böyük addımlar atılmışdır. Həmçinin Azərbaycanla İtaliya arasında əməkdaşlığın genişləndirilməsinə də böyük önəm verilib.

Bu baxımdan Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşəbbüsü ilə 2012-ci ildə İtaliya və Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün İTAZERCOM platforması yaradılmışdır. Bu platforma Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının İtaliya Respublikasında rəsmi nümayəndəsidir. İTAZERCOM-un məqsədi iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı və tərəflər arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsindən ibarətdir. Həmçinin, biznesin təşviqi, özəl və dövlət sektorlarına etibarlı və professional dəstək və s. məsələlər də nəzərdə tutulur.

İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mütəmadi şəkildə "İtalyan festivalı" adlı tədbir keçirilir. Bu festivalda İtaliyanın yerli brendləri - geyim, ayaqqabı, zərgərlik və mebel məhsullarını Azərbaycanda təmsil edən yerli şirkətlərin iştirakı ilə reallaşdırılır.

Prezident İlham Əliyev də hər zaman Azərbaycanla İtaliya arasında güclü siyasi əlaqələrin olduğunu vurğulayır: "Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər".

İtaliyanın izləri artıq özünü işğal edilmiş ərazilərimizdə də göstərir. Azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri, həmçinin Şuşa şəhərində dağıdılmış 3 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur, daha bir yeni məscid inşa edilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə gedən işlərdə İtaliya şirkətlərinin də böyük töhfələr verdiyini vurğulayıb: "İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji" ilə "Ansaldo" arasında çox önəmli müqavilə imzalanmışdır. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Müqayisə üçün deyim ki, Livan boyda bir ərazidir. Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın "İveco" şirkəti orada öz müəssisəsini yaratmağa start verib".

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC ilə İtaliyanın "IDROMECCANICA LUCCHINI SpA" şirkəti arasında 2017-ci ildə anlaşma memorandumu imzalanmışdı və "AZTT-LUCCHINI" MMC adlı birgə müəssisə yaradılıb. Memoranduma əsasən, istixanaların tikintisi, birgə formada idarə edilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri elmi-texniki biliklərin verilməsinin həyata keçirilməsi nəzərdə tutulurdu.

Ölkəmizlə bərabər İtaliyada da eyni məqsədli fəaliyyət göstərən şirkətlər arasında da rəsmi tərəfdaşlığın olması və İtaliyadan ölkəmizə yeni texnologiyaların gətirilməsi hər iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Ölkələr arasındakı dinamik əməkdaşlıq göz önündədir. Hər iki ölkənin başçılarının qarşılıqlı səfərləri həm də ölkələrarası əlaqələrin tərəfdaşlıq baxımından etibarlı olduğunu göstərir.

Onu da bildirək ki, ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxenə səfəri zamanı İtaliya tərəfi ilə görüş keçirib. Dövlət başçısı görüş zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdıraraq deyib ki, ölkəmizdə "Ansaldo Energia" şirkətinin 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakı bunun ən böyük nümunəsidir. İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır. Son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfəri əlaqələrimizin inkişafının real göstəricisidir. Bu xüsusda ölkəmiz İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Töhfə SƏMƏDOVA,

"Respublika".