İyrənc erməni vandallığı
Digər xəbərlər

İyrənc erməni vandallığı

Yüz illərdir erməni millətçiləri çalışırlar ki, Azərbaycan xalqının tarixi yaddaşını silsinlər. Bunun üçün maddi və mənəvi abidələrimizi dağıtmağa can atırlar. Ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə xalqımızın tarixini məhv etmək istəyirlər. Ümumiyyətlə, mədəni irsin məhv edilməsi bəşəriyyətə qarşı yönələn qəsddir və ermənilərin ərazilərimizdə törətdikləri vandallıq heç bir insanlığa sığmır. Mənfur qonşularımız hazırda yaşadıqları Azərbaycan torpaqlarında da milli mədəniyyətimizin izlərini yox etməyə çalışırlar.

Ermənilər azərbaycanlılara məxsus mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə-yeksan edib, qəbiristanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Onlar barbar xalq olduqlarını törətdikləri xəbis və çirkin əməlləri ilə təsdiq edirlər. Erməni terroristlərinin 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü tarixi-mədəni irsimizin ciddi zərər görməsi ilə nəticələnmişdir. Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimiz məhv edilib.

Məlumata görə, işğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidi, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarları salamat qalıb. Ermənilər isə öz əxlaqsızlıqlarını bir daha nümayiş etdirərək məscidlərimizin içərisində ev heyvanları, donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz tar-mar olunub.

Təcavüzkarlar insanlığa yaraşmayan elə tükürpədici əməllərə əl atıblar ki, dünyanın heç bir vəhşiliyi ilə müqayisəyə gəlməz. Ermənilərin azərbaycanlılara məxsus kütləvi qəbiristanlıqları yerlə-yeksan etməsi onların vandallığının bariz nümunəsidir. Ermənistan 1988-1993-cü illərdə Azərbaycan torpaqlarının 20 faizdən çox hissəsini işğal edəndən sonra həmin yerlərdə ən vəhşi müharibə cinayətinə əl atmış, məzarları kütləvi şəkildə dağıtmışlar. Azərbaycan Prezidenti İlham Əliyev xarici jurnalistlərə verdiyi müsahibələrdə bildirib ki, ermənilərin məzarlıqları dağıtması ən böyük fəlakətdir: "Bu gün onları müdafiə edən, arxalarında dayanan bəzi xarici dairələr qoy gözlərini açıb erməni vəhşiliyini görsünlər. Bizim bütün şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik".

Son vaxtlar sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılır. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığını əks etdirən bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti nümunəsidir. Sosial şəbəkələrdə yayılan başqa bir görüntülərdə Zəngilanda yerləşən və azərbaycanlılara məxsus olan məzarların dağıdılması, həmçinin qazılması öz əksini tapıb. Məzarların qazılmasına səbəb ölən şəxslərin qızıl dişlərinin çıxarılmasıdır. Araşdırmalar göstərir ki, ermənilər məzarları dağıdarkən mərmərdən olan qəbir daşlarını Ermənistana daşıyıblar.

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci ildə illik hesabatında qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, o cümlədən regionda etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb. Peşəkar dünyaşöhrətli fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılmasını lentə alaraq sənədləşdirib. Qəbirlər təhqir edilib, bəzi hallarda qarət etmək üçün qazılıb, digər yerlərdə isə ağır tikinti texnikasından istifadə edərək qəbirlərin dağıdılıb eksqumasiya edilməsinə dair sübutlar toplanıb. Bir çox qəbirlərin başdaşılarında mərhumların yonulmuş üzləri çəkic və ya oxşar əşyalarla dağıdılıb. Bundan əlavə, azərbaycanlıların qəbirlərinin qalıqları eksqumasiya edilib, qızıl dişlər çıxarılıb, sümükləri isə ərazilərə səpələnib. Deqatinin sözlərinə görə, erməni məzarları demək olar ki, toxunulmaz qalıb.

Dini azadlıqlarla bağlı ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə ermənilərin törətdiyi vandallıq aktlarının, xalqımıza məxsus abidələrin, məzarlıqların dağıdılması ilə bağlı faktların yer alması təqdirəlayiqdir. Azərbaycan ictimaiyyəti haqlı olaraq Göy məscid, Qala Məscidi, Şah Abbas, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin bərpasını tələb edir. Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlığın məhv edilməsi, Azərbaycanda aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin qəbrinin dağıdılması əsl vandallıq aktıdır. Bu, Ermənistanın heç bir ümumbəşəri dəyərləri qəbul etmədiyini təsdiqləyir. Ermənistan bu davranışlarına görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.

Mustafa KAMAL,

"Respublika".